İran İsraillə müharibə üçün Rusiyadan hava hücumundan müdafiə sistemləri istəyib

İran İsraillə müharibə üçün Rusiyadan hava hücumundan müdafiə sistemləri istəyib

06-08-2024 15:11 / Bu xəbər 711 dəfə oxundu

Ukrayna ilə müharibə üçün Rusiyaya zərbə dronları verən İran bunun qarşılığını istəyib.

"İsraillə münaqişənin kəskinləşməsi fonunda Tehrana qabaqcıl hava hücumundan müdafiə sistemləri lazımdır".

Bu barədə "The New York Times” yazır. 

Hərbi planla tanış olan iki iranlı məmur (biri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü) Tehranın Moskvaya belə bir müraciət etdiyini təsdiqləyib. 

Onların sözlərinə görə, Rusiya yardım etməyə razılaşıb və artıq müasir radarlar və hava hücumundan müdafiə sistemləri verməyə başlayıb.

Qərar Rusiyanən çox sayda rusiyaəsilli yəhudinin yaşadığı İsraillə iqtisadi və mədəni əlaqələri olmasına baxmayaraq verilib. 

Təhlilçilər bildirir ki, Moskva Tehranın tələblərini rədd edə bilməz, çünki o, Ukraynaya qarşı müharibədə daha çox İranın "Shahed” dronlarına arxalanır.

Bu fonda avqustun 5-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib.

O, burada yeni seçilmiş prezident Məsud Pezeşkian, Baş Qərargah rəisi, general Məhəmməd Baqeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb.

Danışıqlardan sonra Şoyqu bildirib ki, Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır. 

Baqeri ölkələr arasındakı əlaqələri "dərin, uzunmüddətli və strateji” adlandıraraq, onların İslam Respublikasının yeni rəhbərliyi altında yalnız genişlənəcəyini qeyd edib.

Bu arada ABŞ İranın İsrailə hücumunun Yaxın Şərqdə genişmiqyaslı müharibəyə səbəb olacağından ehtiyat edir. 

ABŞ rəsmiləri Livanda Hizbullah və Yəməndə husilərin də qoşula biləcəyi müharibədə koordinasiyalı zərbə gözlədiklərini bildiriblər. 

İsrailin isə çoxgünlük, yorucu hücuma hazırlaşdığı deyilir. 

Bildirilir ki, təhlükəsizlik xidməti (Şin Bet) Qüdsdə müharibə vəziyyətində ali siyasi rəhbərliyin sığınacağı yeraltı bunker də təchiz edib.

Avqustun 3-də İsrail ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib və Birləşmiş Ştatlar yəhudi dövlətinin müdafiəsinə yardım etmək üçün Yaxın Şərqdəki mövcudluğunu gücləndirib, o cümlədən bölgəyə əlavə döyüş təyyarələri, kreyserlər və esmineslər göndərib. 

Bundan əlavə, Pentaqonun rəhbəri Lloyd Ostin Yaxın Şərqdə USS Theodore Roosevelt aviadaşıyıcısının zərbə qrupunun USS Abraham Linkoln qrupu ilə əvəz edilməsi barədə göstəriş verib.

Birləşmiş Ştatlar İranın hücumlarını və İsrailin onlara cavabını mümkün qədər məhdudlaşdırmaq üçün səylərini davam etdirir. 

Dövlət katibi Entoni Blinken G7 tərəfdaşlarından hər iki tərəfə diplomatik təzyiq göstərməyi xahiş edib.