İran telekommunikasiya şirkətinin direktoru “Azerfon” rəhbər təyin olundu

İran telekommunikasiya şirkətinin direktoru “Azerfon” rəhbər təyin olundu

06-12-2017 01:26 / Bu xəbər 2586 dəfə oxundu

"Azerfon” yeni baş icraçı direktorun təyin olunduğunu elan edib. 

Bu barədə şirkətin yaydığı rəsmi məlumatda bildirilir.  

Məlumatda deyilir ki, 5 dekabr 2017-ci il tarixdə "Azerfon” MMC ("Nar”) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib. 

"Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb. 

"O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır", - açıqlamada deyilir. 

"Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində "Azerfon” biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb. 

""Azerfon” istedadlı və peşəkar kadrlardan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur hissi keçirirəm. İnanıram ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth edəcək”, – deyə Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.
 
Yeni təyin olunmuş baş icraçı direktor Qunnar Panke də öz növbəsində, fikirlərini bölüşüb: "İlk öncə, mən cənab Klaus Müllerə dərin təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadiq qalacağıq”.