İranda həbs edilən azərbaycanlı tələbənin səhhəti pisləşib

İranda həbs edilən azərbaycanlı tələbənin səhhəti pisləşib

18-11-2023 23:20 / Bu xəbər 1455 dəfə oxundu

Anası Azərbaycan hökumətindən məsələni diqqətdə saxlamağı xahiş edir

İranda saxlanılaraq 2 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin səhhətində problemlərin yarandığı bildirilir.

Bu barədə Meydan TV-yə anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, Fəridlə telefonla danışıb və onun sağlıq durumunun yaxşı olmadığını öyrənib.

Əsgərova özü də həkimdir və hesab edir ki, oğlu həbs edilən zaman psixoloji basqı altında olub: "O, sevdiyi qızla birlikdə hava limanına gedərkən qəfil maşını saxlayıb üstünə cumublar və az qala bir terrorçu kimi həbs ediblər. Daha sonra SEPAH-ın təcridxanasında saxlanılanda ona yalandan məlumat veriblər ki, guya sənin günahın sübuta yetirilib. Onu hətta asılmaqla da təhdid ediblər. Deyiblər ki, əgər etiraf etsən, işin bir az yüngülləşə bilər. Amma Fərid yenə də günahsız olduğunu deyib və bu saxta ittihamları qəbul etməyib”.

"Dediyim odur ki, bu qədər psixoloji basqı istənilən sağlam şəxsin depressiyaya düşməsinə səbəb ola və səhhətinə təsir edə bilər. İki aydır ki, normal yata da bilmir. Çox aqressivdir. Əgər ciddi tədbir görülməsə, fəsadları ağırlaşa bilər”, – deyə o bildirib.

Fərid Səfərli anasına deyib ki, onu həbsxananın xəstəxanasında müayinə ediblər, lakin o, qanunsuz həbsinə etiraz olaraq təyin olunan dərmanlardan da imtina edib.

Ana narahatdır ki, belə davam edərsə, Fəridin səhhətində daha kəskin problemlər yarana bilər.

O ümid edir ki, artıq İranla münasibətləri normallaşan Azərbaycan hökuməti qapalı və köməksiz şəraitdə saxlanılan oğlu ilə bağlı ciddi tədbirlər görəcək.

Əsgərova Fərid Səfərlinin səhhəti ilə bağlı Azərbaycandakı aidiyyəti qurumlara da müraciət edir, bu məsələnin diqqətdə saxlanılmasını xahiş edir.

Fərid Səfərli niyə həbs olunub?

Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib.

Onun Almaniyada olarkən tanış olduğu iranlı sevgilisi ilə görüşə getdiyi bildirilir.

Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb.

Sonradan məlum olub ki, Fərid Səfərli İranda "casusluq” ittihamı ilə həbs olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

İran hüquq-mühafizə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq” ittihamı isə "casusluq etmək niyyəti” ittihamı ilə əvəzlənib.

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, iranlı həmkarı ilə görüşü zamanı ondan Fərid Səfərlinin məsələsinə humanizm prinsiplərinə uyğun baxılmasını xahiş edib.

Anasının dediyinə görə, avqust ayında Fərid Səfərliyə hökm oxunub. Hakim son məhkəmə olmadan, Fərid Səfərliyə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli qərarı məktub şəklində alıb.