İranda həbs olunan gəncin anası: "Gözləyirsiniz, Fərid özünə qəsd etsin?"
15-01-2024 22:58 / Bu xəbər 748 dəfə oxundu
Dilarə Əsgərova Azərbaycan rəsmilərinə müraciət edib
İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun səhhətinin, psixoloji durumunun yaxşı olmadığını bildirib.
Onun sözlərinə görə, oğlu depressiyadan əziyyət çəkir: "İyirmi dörd saat 12 nəfərlik kamerada dörd divar arasındadır. Nə televizor, nə internet, nə də kitab var. O, hər zaman aktiv həyat tərzi yaşayıb, oxuyub, səyahət edib, dil öyrənib. İndi bütün bu imkanlardan məhrumdur və məşğuliyyətsizlik onu dərin depressiyaya salıb”.
Dilarə Əsgərova oğlunun özünə qəsd edəcəyindən qorxur.
Ana Azərbaycanın rəsmi qurumlarına səslənib, heç bir günahı olmadan İranda həbsdə saxlanılan oğlunun azad edilməsinə kömək etmələrini xahiş edib: "Fəridlə hər gün telefonla danışırıq. Adətən, səhər saatlarında zəng edir. Səhər açılan kimi mənim əzab-əziyyətim də başlayır. Bilmirəm onun suallarına nə cavab verim, onu necə təsəlli edim. "Mənə niyə kömək etmirlər”, "deyəsən həmişəlik burada qalacağam”,- deyir. Bir sözlə, oğlumun son zamanlar psixoloji durumu yaxşı deyil. Həbsxanda həkimlər Fəridi müayinə edib və müalicə yazıblar. Lakin o, dərmanları içməkdən imtina edib. Düşünür ki, alışqanlıq yaradan dərmanlar verə bilərlər, qorxur”.
Dilarə Əsgərova deyir ki, Fərid günahsız yerə həbs edilməsi ilə barışa bilmir: "Mən hər dəfə onu sakitləşdirirəm. Deyirəm, iki ildir, bu, on il də ola bilərdi. Onda da deyir ki, burada 3 il həbs alan Pakistan vətəndaşı var idi. Həbsinin qurtarmasına az qalmış yenidən protest verib, həbs müddətini uzatdılar. Yəni o qədər ruhdan düşüb ki, hətta oradan çıxıb, qayıda biləcəyinə ümidi yoxdur”.
Dilarə Əsgərova Azərbaycan hakimiyyət orqanlarına oğlunun azad edilməsinə kömək etmələri ilə bağlı bir daha müraciət edib: "Üzümü tuturam Azərbaycan rəsmilərinə, bu işlə məşğul olun. Mənimlə danışanda deyirsiniz "iş gedir, hər şey yaxşı olacaq”, amma mən nəticə görmürəm. Ermənistanda əsir olan iki hərbçini azad etməyə qüdrəti olan bir dövlət, heç bir günahı olmayan bir vətəndaşı azad edə bilmir. Bunu başa düşə bilmirəm. Fəridin hökmünü mən Xarici İşlər Nazirliyinə də, Ədliyyə Nazirliyinə də göndərmişəm. Özləri də görüblər ki, burada heç bir sübut yoxdur. Ancaq qondarma, gülməli ittihamlardır. Nəyi gözləyirsiniz? Fəridin danışıqlarından mən onun özünə qəsd edə biləcəyini düşünürəm. Gözləyirsiniz, Fərid özünə qəsd etsin, sonra onu gətirəsiniz? Mənə onun belə gətirilməsi lazım deyil. Fəridi sağlam gətirin. Fərid özünə qəsd etsə, başına bir iş gəlsə, siz mənə cavab verə bilərsiniz? Xahiş edirəm, bu işi sürətləndirin”.
Rəsmi məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib, martın 4-dən ondan xəbər almaq mümkün olmayıb.
Müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi kəsilməyib.
Sonda qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana səfər etməli olub.
Ailəsi uzun zaman Fərid Səfərlinin taleyindən məlumat ala bilməyib. İyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş "casusluq” ittihamı "casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.
Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.
Bundan sonra Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.(Meydan TV)