İranda öldürülən etirazçıların sayının 400-ü keçdiyi deyilir

İranda öldürülən etirazçıların sayının 400-ü keçdiyi deyilir

19-11-2022 14:48 / Bu xəbər 727 dəfə oxundu

İranda etirazlarda 402 nəfərin həlak olduğu bildirilir. 

Məlumatı Norveç mərkəzli İran İnsan Haqları təşkilatı teleqram kanalında yayıb.

Məlumatda qeyd olunur ki, ölənlərin 58-i yaşı 18-dən az olan şəxslərdir.

Bildirilir ki, 17 sentyabrdan aparılan hesablamalara görə, 16 813 nəfər həbs olunub. 

"Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 524 nəfər tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub", - deyə məlumatda vurğulanır. 

Təşkilat vurğulayıb ki, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 nümayəndəsi öldürülüb.

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub.

Qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırıblar.

İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş.

O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. 

Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib ediblər.

Etiraz aksiyaları isə İranın Tehran, Məşhəd, İsfahan, Təbriz, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəfsəncan və Qəzvin şəhərlərində keçirilir. 

İran rəsmiləri isə bu aksiyaları xarici qüvvələrin təşkil etdiyini bildirirlər.