İranı və bölgəni nə gözləyir?

İranı və bölgəni nə gözləyir?

01-02-2023 17:12 / Bu xəbər 1470 dəfə oxundu

Fikrət Cəfərli
Hüquq müdafiəçisi 

Amerika Birləşmiş Ştatlarından (2019) sonra indi də Avropa Birliyi İran İslam Respublikasının ən mühüm dövlət qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorist təşkilat kimi tanıyacaq.

Avropa İttifaqı artıq bu istiqamətdə müzakirələrə başlayıb. 

Aİ-nın ardınca bu proses, yəqin ki, sürətlənəcək, "SEPAH"ı dünyanın aparıcı dövlətləri, təşkilatları da terrorçu təşkilat kimi ard-arda tanımağa başlayacaqlar.

ABŞ-nın istisnasız himayə etdiyi və strateji müttəfiqi İsrailin ordusu İran İslam dövlətini ağır silahlarla vurdu. Bundan sonra yenidən vurma ehtimalı da az deyil. 
 
İndiki məqsədi də İran İslam dövlətinin sayıqlığını, onun hava hücumundan müdafiə sistemlərinin ünvanlarını, İran vətəndaşlarının dini və irançılıq ideologiyasına bağlılığını yoxlamaqdan ibarətdir. 

Qərbin qapalı və möhtəbər institutları çox gözəl bilirlər ki, İran kimi dini-ideoloji silaha sahib olan dövləti məğlub etmək təkcə hava üzərində hakim olmaqdan keçmir, həm də orda yaşayan xalqların irançılıq ideologiyasına, şüuruna nə qədər bağlı olub, olmamalarıda mühüm amildir. Lakin yaxın dövr üçün irançılıq ideologiyasının gücü barədə hər hansısa dolğun analiz vermək mümkün deyil.

İran İslam dövlətinin taleyi, yerləşdiyimiz coğrafiyada Türkiyə-Azərbaycan birliyinin sərgiləyə biləcəyi mövqe, dayanacağı yer bəllidir. İndiyə kimi yürüdülən siyasət - Ukrayna modelidir.

Qərbin, Ukraynanın azadlığı məsələsi gündəmdə olarkən, nədən İran məsələsini gündəmə çevirmək istəməsidə əslində bəllidir. 

Qərb-Rusiya savaşı ideoloji deyil, Putin-Qərb savaşı olduğuna görə Rusiya dövlətinin tam çökdürülməsi siyasətindən vaz keçmək, keçidi pərdələmək, yeni münaqişə-müharibə ocağı közərtmək lazımdır. 

Türkiyə ilə Azərbaycan dövlətinin istəmədən proseslərin tərkib hissəsinə çevrilmə ehtimalı böyükdür. 

Buna görə də hər iki dövlət yubanmadan çevik addımlar atmalı, təkcə əsgəri bağlılığı deyil, həm də xalqlar arasında ideoloji işi gücləndirməli və artıq başlanmış yeni dünya düzəninə, gözlənilən fors-majora hazır olmalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.