İranın bu tarixdə nüvə silahı yaradacağı ehtimal edilir

İranın bu tarixdə nüvə silahı yaradacağı ehtimal edilir

15-09-2021 17:09 / Bu xəbər 995 dəfə oxundu

İran iki-üç aydan sonra nüvə bombasına malik olmaq üçün kifayət qədər material istehsal edəcək. 

Bu sözləri "Foreign Policy” jurnalına müsahibəsində İsrailin müdafiə naziri Beni Qants söyləyib.

Onun dəyərləndirməsinə görə, əgər İran öz məqsədinə nail olarsa, regionda nüvə silahlanması yarışı başlaya bilər. Buna yol verməmək üçün ABŞ, Çin, Rusiya və Avropa tərəfindən Tehrana siyasi və iqtisadi təzyiq göstərilməlidir. 

Daha əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirmişdi ki, İranla nüvə razılaşması əldə etməyin qısa yolu ABŞ və İranın Birgə Hərtərəfli Hərəkət Planı çərçivəsində öhdəliklərini sistematik şəkildə yerinə yetirməsidən keçir. Onun sözlərinə görə, razılaşma ilə bağlı çətinliklərin ilkin səbəbi hələ aradan qaldırılmayıb və o, bütün tərəfləri danışıqlar masası arxasına qayıtmağa çağırıb.

ABŞ Dövlət departamentində bildiriblər ki, Vaşinqton Tehranla 2015-ci ilin razılaşmasına qayıtmağı ölkənin yeni rəhbərliyi ilə də müzakirə edəcək. İranın yeni prezidenti İbrahim Rəisi isə deyib ki, hətta ölkəsinə qarşı bütün sanksiyaların götürülməsi müqabilində Baydenlə görüşmək istəmir. Amma Rəisi İranın nüvə razılaşmasının şərtlərini icrasına qayıdışını istisna etməyib.