İranlı fəal sığınacaq üçün Azərbaycana qaçdı, həbs olundu
15-10-2023 13:10 / Bu xəbər 1242 dəfə oxundu
O, sərhədi qanunsuz keçməkdə ittiham edilir
Oktyabrın 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhədi qanunsuz keçmək istəyən İran vətəndaşı Puya Purhemməti Hüseyn oğlunu saxlayıb.
Dünən onunla bağlı Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədirliyi ilə məhkəmə prosesi keçirilib.
Həmin prosesdə DSX-nın qaldırdığı vəsatətə baxılıb və Purhemməti barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.
Ona qarşı Azərbaycan CM-in 318.1-ci maddəsi ilə (dövlət sərhədini qanunsuz keçmə) ittiham irəli sürülüb və cinayət işi açılıb.
Purhemməti məhkəmədə siyasi təzyiqlərə görə İrandan qaçdığını, Azərbaycandan sığınacaq istədiyini bildirib.
O, sərhədi keçərkən ağ bayraq qaldırdığını və rəsmi qurumlara təslim olduğunu deyib.
Puya Pirhemməti İrandakı siyasi fəallardan sayılır.
Yaxınları Meydan TV-yə deyiblər ki, Puya Purhemməti indiyə qədər İranda etirazlarda fəal iştirak edib.
Ötən ilin payızında keçirilən etiraz aksiyalarında da fəal iştirak edən 18 sentyabr 1987-ci il doğumlu Puya Təbrizdəki aksiyaların əsas təşkilatçılarından biri kimi təqib olunub.
Bildirilir ki, Təbrizdə yaşayan Puya 2020-ci il 29 sentyabrda Təbrizdə 600 müəllimin iştirakı ilə keçirilən kütləvi aksiyanı təşkil etdiyi və keçirdiyi üçün SEPAH-ın Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
6 gün SEPAH-ın təcridxanasında saxlanılan Purhemməti ardından Təbriz Təcridxanasına köçürülüb.
Bunun ardından isə onun barəsində cinayət işi açılıb. Ona qarşı "daxili və ya xaricə qüvvələrlə əlbir olaraq, dövlətə qarşı cinayət törətmək üçün toplaşmaq” maddəsi üzrə ittiham irəli sürülüb.
Həmin ittihama əsasən, Təbriz İnqilab Məhkəməsi Purhemmətini 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və 2 il müddətinə isə ölkədən çıxışı qadağan edilib.
"İran qanunlarına görə, həbsin bir hissəsini çəkməmək üçün şəxsi müəyyən məbləğdə girov qoyaraq, azadlığa çıxarmaq mümkündür. Həmin qanundan istifadə edən valideynləri 200 milyon tümən (6500 manat) girov qoyaraq, Purhemmətini azadlığa çıxarıblar", – deyə yaxınları bildiriblər.
Onların sözlərinə görə, Purhemmətinin İrandan qaçaraq, Azərbaycandan sığınacaq istəməsi davamlı olaraq təqib və təzyiqlərə məruz qalması, həbs müddətində ona verilən işgəncələrlə bağlıdır: "6 gün SEPAH-ın təcridxanasında olarkən Puya Purhemməti fiziki və psixoloji təzyiqlərə məruz qalıb, işgəncə görüb. Girov əsasından azadlığa çıxmasının müddətinin bitməsindən sonra yenidən həbsxanaya göndəriləcəyi təqdirdə, eyni aqibətlə üzləşəcəyini bildiyindən ölkədən qaçmaq məcburiyyətində qalıb. Onun sərhədi keçərkən sərhədçilərə ağ bayraq qaldırması və təslim olması da bununla bağlı olub".
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAP), həmçinin İrandakı və xaricdəki bir sıra təşkilatların yaydıqları hesabatlarda da Purhemmətinin həbsi məsələsi əksini tapıb.