İranlı fəalın həbsinə etiraz: "Qanun pozuntusudur, öhdəliklərə ziddir"

İranlı fəalın həbsinə etiraz:

18-10-2023 14:50 / Bu xəbər 861 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı iranlı fəal Puya Purhemmətinin həbsini qanunsuz sayır. 

Bu barədə təşkilat bəyanat yayıb.

"Siyasi təqiblərə görə İran molla rejimindən qaçan və Azərbaycan dövlət strukturlarına siyasi sığınacaq almaq məqsədilə özünü təhvil verən siyasi fəal Puya Purhemməti Azərbaycanda həbs edilib", - deyə bəyanatda qeyd olunur.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" hesab edir ki, siyasi sığınacaq istəyən şəxsin həbsi qanunsuzdur: "Sığınacaq məqsədilə Azərbayacana özünü təhvil verən Puya Purhemmətiyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işinin açılması, barsində Məhkəmə tərəfindən dərhal həbs qətimkan tədbirinin seçilməsi absurddur, Azərbaycanın qoşulduğu beynəlxaq konvensiyalara ziddir və kobud qanun pozuntusudur". 

Təşkilatın rəhbəri Fİkrət Cəfərli "Arqument.az"a deyib ki, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı olaraq Puya Purhemmətinin həbsini qanunsuz hesab edir və onun dərhal azad edilməsini tələb edir.

Oktyabrın 12-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) sərhədi qanunsuz keçmək istəyən İran vətəndaşı Puya Purhemməti Hüseyn oğlunu saxlayıb

Dünən onunla bağlı Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədirliyi ilə məhkəmə prosesi keçirilib.

Həmin prosesdə DSX-nın qaldırdığı vəsatətə baxılıb və Purhemməti barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. 

Ona qarşı Azərbaycan CM-in 318.1-ci maddəsi ilə (dövlət sərhədini qanunsuz keçmə) ittiham irəli sürülüb və cinayət işi açılıb.

Purhemməti məhkəmədə siyasi təzyiqlərə görə İrandan qaçdığını, Azərbaycandan sığınacaq istədiyini bildirib. 

O, sərhədi keçərkən ağ bayraq qaldırdığını və rəsmi qurumlara təslim olduğunu deyib.

Puya Pirhemməti İrandakı siyasi fəallardan sayılır. 

Yaxınları deyiblər ki, Puya Purhemməti indiyə qədər İranda etirazlarda fəal iştirak edib. 

Ötən ilin payızında keçirilən etiraz aksiyalarında da fəal iştirak edən 18 sentyabr 1987-ci il doğumlu Puya Təbrizdəki aksiyaların əsas təşkilatçılarından biri kimi təqib olunub.