İsa Qəmbər Arif Hacılını dəstəklədi

İsa Qəmbər Arif Hacılını dəstəklədi

09-10-2019 11:45 / Bu xəbər 5852 dəfə oxundu

Müsavat Partiyası 9-cu qurultayını keçirməyə hazırlaşır. Qurultayda partiya başqanı da seçiləcək. Bu posta indiki başqan Arif Hacılı və Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqov namizəddir.

1911-ci ildə yaradılan Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində (1920-1991) mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, o vaxtdan 2014-cü ilədək Müsavata İsa Qəmbər başqanlıq edib.

2014-cü ildə keçirilən 8-ci qurultayda Arif Hacılı başqan seçilib.

Novator.az-ın məlumatına görə, İsa Qəmbər oktyabrın 9-da özünün "Facebook” səhifəsində yaydığı açıqlamada 9-cu qurultayın nümayəndələrini Arif Hacılıya səs verməyə çağırıb: "2014-cü ilin sentyabrında – Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim namizəd asanlıqla qalib gələ bilər. Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.

İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə – 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir.

Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm. Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır.

Bu mövqeyimin səbəbləri çoxdur.

Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir. Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?

Arif Hacılı 5 ildir ki, Müsavat Partiyasına rəhbərlik edir. Avtoritar rejimin daha da azğınlaşdığı, repressiyaların tüğyan etdiyi, partiyamıza həm daxildən, həm xaricdən hücumların artdığı bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbir və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq, gerçək müxalifətin sözdə deyil, əməldə birliyinə nail olmaq, xalqımızın köklü maraqlarını müdafiə etmək sahəsində mümkün olan hər bir şeyi edib.

Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, xalqımıza təmənnasız xidmət etməyə, hər bir vətəndaşımıza dost əli uzatmağa, dost yolunda hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir. 2014-də mən başqanlıqdan çəkilib namizədlər üçün bərabər imkanlar yaratmağa çalışdım. Arif Hacılı isə başqan olduğu və başqanlığa namizəd olduğu halda bütün namizədlərə bərabər imkanlar yaradır. Bu daha böyük fədakarlıqdır.

Lakin mənim seçimim sadəcə Arif Hacılının bu sadaladığım və sadalaya biləcəyim keyfiyyətləri ilə bağlı deyil, yalnız onun keçmiş xidmətləri və bugünkü fəaliyyəti ilə bağlı deyil.

Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkisinin qalibi bəllidir.

Soruşa bilərsiniz ki, o zaman nədən mən bu gün bu sətirləri yazaraq mövqeyimi bəyan edirəm?

Cavabım çox sadə olacaq. Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var.

Arif bəy zamanında demişdi ki, Müsavat başqanı vəzifəsi ölkəmizdə prezident vəzifəsindən sonra 2-ci ən önəmli missiyadır.

Mən isə deyirəm ki, Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır. Və bunu bilən təkcə mən deyiləm, bir çox başqaları da bunu bilir. Məhz buna görə də hakimiyyətdən də, müxalifətdən də, digər iddialı şəxslərdən də bir çoxları, xalqımızın düşmənlərinin isə tam əksəriyyəti Arif bəyi və Müsavat Partiyasını hədəf alır.

Bunları hər kəsin bilməsini istədim.

Arif bəyə səs verin!

Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!”

1957-ci il təvəllüdlü İsa Qəmbər Azərbaycan xalq hərəkatının (1988-1992) liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

İsa Qəmbər hazırda Müsavat Məclisinin üzvü, Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gənclik illərində Zaqatala radiosunda çalışıb.

1988-ci ildə başlayan xalq azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

Müsavatın 8-ci qurultayında başqan postu uğrunda Arif Hacılı ilə yanaşı Qubad İbadoğlu və Tural Abbaslı da mübarizə aparıblar. Arif Hacılı 228 səslə qalib gəlib, Qubad İbadoğlu 200, Tural Abbaslı 19 səs toplayıb. İndi Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, Tural Abbaslı Ağ Partiyanın başqanıdır.