İsa Qəmbər: "Rusiya çox çətin qərar qarşısındadır"

İsa Qəmbər:

22-10-2020 14:57 / Bu xəbər 1621 dəfə oxundu

"Təhlükələrdən yayınmaq və imkanlardan istifadə etmək istiqamətində Azərbaycan dövləti düzgün zamanda düzgün addımlar atıb”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Qarabağda sentyabrın 27-dən başlanan hərbi əməliyyatlarla bağlı Meydan TV-nin suallarını cavablandırıb.

O, müharibə fonunda regional və geosiyasi vəziyyəti təhlil edib:

- İsa bəy, 27 sentyabrdan başlanan hərbi əməliyyatlara müxtəlif yanaşmalar sərgilənir. İkisi üzərində dayanaq: Rusiya Azərbaycan vasitəsilə Paşinyan hökumətini cəzalandırır, yoxsa 30 ildən çox davam edən Qarabağ problemi tam şəkildə həll olunma mərhələsinə daxil olur?

- Əlbəttə, ikinci ehtimal həqiqətə daha yaxındır. Birinci ehtimalı ciddi qəbul etmirəm. Çünki müharibənin bu mərhələsində Ermənistanın ağır vəziyyətə düşməsiylə yanaşı, Rusiya çox çətin duruma düşüb. Rusiya qərar qəbul edə bilmir, müharibə başlanan gündən indiyə qədər şimal ölkədə gedən diskusiyaları, müxtəlif ictimai-siyasi xadimlərin, jurnalistlərin, ekspertlərin yanaşmalarını müqayisə edəndə nə qədər fərqli fikirlərin şahidi oluruq. Rusiya çox çətin qərar qarşısındadır, kənarda da qala bilmir, çünki kənarda qalmaqla bölgədə nüfuzunu günbəgün itirdiyini və itirəcəyini başa düşür. Müdaxilə də edə bilmir, çünki müdaxilə etsə, Türkiyə faktoru var və proqnozlaşdırıla bilməyən nəticələr ola bilər. Ona görə də Rusiyanın vəziyyəti kifayət qədər ağırdır və birinci versiyanın heç bir əsası yoxdur. İkinci versiya həqiqətə yaxındır.

- Münaqişə həmişə onu yaradan Rusiyanın təsir dairəsində olub. İndi nə baş verdi və hansı amillər Rusiyanı 2016-cə ildən fərqli olaraq 24 gündür susmağa vadar edir?

- Hələ 2014-cü ildə Rusiya Ukrayna torpaqlarını işğal edəndən sonra biz Milli Strateji Düşüncə Mərkəzi olaraq təhlil hazırlayıb ictimaiyyətə təqdim etdik. Bildirmişdik ki, Rusiyanın təcavüzüylə beynəlxalq hüquq tamamilə çökmüş vəziyyətə gəlir və dünyanın dəyişmə mərhələsi başlayır. Dünyanın dəyişmə mərhələsinin də Azərbaycan üçün ciddi təhlükələri və ciddi yeni imkanları var. Təhlükələrdən yayınmaq və imkanlardan istifadə üçün hansı istiqamətlərə diqqət yetirməyi göstərmişdik. Proseslərin gedişi haqlı olduğumuzu sübut etdi. Faktiki olaraq bu gün Rusiya nəinki 30 il əvvəlki, birinci Qarabağ savaşındakı ölkə deyil, hətta 7-8 il əvvəlkindən də fərqlidir. Rusiya xeyli zəifləyib, təsir imkanları məhdudlaşıb və bu dövlət təcavüzkar siyasətilə dünya miqyasında təklənməyə başlayıb. Həm də ciddi sanksiyalar Rusiyanın imkanlarını xeyli məhdudlaşdırır. Digər tərəfdən, Rusiya hazırda Yaxın Şərqdə bir neçə konflikt şəraitindədir, üstünə Ukraynada və Belarus seçkilərindən sonra yaranan problemləri də gəlsək, bu ölkənin imkanlarının çox ciddi məhdudlaşdığını görərik. Üçüncü amil isə dəyişən dünyada Türkiyənin də rolunun dəyişməsidir. Türkiyə də artıq öncəki illərdə olan dövlət deyil, çox güclənib, regionda söz sahiblərindən birinə çevrilib və bunun hesabına Ankaranın sözü nəzərə alınır. Türkiyənin açıq-aydın mövqe ortaya qoyması ortadadır. Xüsusən də Tovuz döyüşləri zamanı bu mövqenin şahidi olduq. Bu da inanmağa əsas verirdi ki, Türkiyə növbəti mərhələdə prosesdə daha ciddi iştirakçı olacaq. Müharibənin 27 sentyabrdan sonra başlanan mərhələsində də Türkiyənin qətiyyətli mövqeyini, təsiri gördük. Artıq Rusiya Cənubi Qafqazda yeganə əsas qüvvə olmadığını başa düşür. Moskvayla yanaşı Ankara amili də var. Rusiyanı da hər hansı sərt, qətiyyətli addım atmaqdan çəkindirən amillərdən, bəlkə, birincisi də Türkiyənin mövcudluğudur.

- Şimal ölkə haqqında dediklərinizdən belə sual yaranır: ümumiyyətlə, Ermənistan Rusiyaya indiki vəziyyətdə və bundan sonra lazımdırmı?

- Bu, Rusiyanın 100 illərlə davam edən bir siyasətidir: eksponsianist, torpaqları işğal etmək. Bunun üçün də ən azı bölgələrdə özünə sadiq, forpost siyasət aparıb. Rusiyanın Cənubi Qafqazda əsas forpostu Ermənistan idi. İndi də o siyasət davam edir və bu, orta əsrlər siyasətidir. Müasir dövrün siyasəti iqtisadi-siyasi, mədəni təsirlərdir. Yüksək fikirlər söyləsələr də, Rusiya hələ müasir dövrə daxil olmayıb. İndi Rusiya həmin orta əsrlər siyasətinin acısını çəkir. Çünki erməniləri Qafqaza yerləşdiriblər, ardınca dövlət yaradıblar və işğalçı siyasətin alətinə çeviriblər. İndi də bir qədər əvvəl söylədiyim səbəblərdən bu siyasəti davam etdirə, Ermənistana istədikləri miqyasda dəstək verə bilmirlər. Bu, o demək deyil ki, Rusiya Ermənistana dəstək vermir, yox, əlbəttə, dəstək olur. Ermənistan 3 həftədə ayaqda qala bilibsə, Rusiyanın onlara verdiyi hərbi dəstəklə bağlıdır. Amma hər halda Rusiya bu gün tam istədiyi şəkildə fəaliyyət göstərə bilmir. Hesab edirəm ki, Rusiya siyasətinə yenidən baxmalıdır, müasir dövrün qaydası ərazilərin zorakı yolla dəyişməməsidir, dövlətlər arasında bir-birinin işinə qarışmadan qarşılıqlı, faydalı münasibətlər sistemi qurmaqdır. Rusiyanın da xilası bu yola keçiddir, buna gücləri çatacaqmı, çatmayacaqmı, işğalçı siyasətlərindən əl çəkəcəklərmi, çəkməyəcəklərmi, - bunu yaxın zamanlarda görəcəyik.

- Gələk Qərbin münasibətinə. Fransa Prezidenti Makron ilk günlərdə Azərbaycana qarşı sərt mövqeyi ilə seçilirdi. Düzdür, sonradan Xarici işlər naziri neytral mövqe sərgilədi. Eyni zamanda, ABŞ Dövlət katibi Pompeo, prezident Tramp da müharibə barədə danışıblar. Bu baxımdan haqqında danışdığım güclərin proseslərə təsiri nə qədərdir?

- ABŞ başda olmaqla Qərbin təsiri çox ciddidir. Fransa gərəkəndən, onların öz maraqlarına uyğun olandan da çox qabağa getdi, ona görə də geri çəkilməyə məcbur oldu. Makronun yersiz açıqlamaları, aqressiv münasibətləri boşda qaldı. Sübut tələb edəndən və digər tərəfdən həmsədr olduqlarını yada salandan sonra Makron bir qədər geri çəkilməyə məcbur oldu. ABŞ başda olmaqla, Qərbə gəlincə, bir qədər əvvəl dediyim fikir vardı: Qərbin siyasəti 2014-cü ildən sonra dünyadakı yeniliklərə uyğundur. Bu gün əminəm ki, ABŞ-ın bəzi konqresmenlərinin erməni lobbisinin təsiriylə müəyyən addımlar atmasına baxmayaraq, Vaşinqtonun mövqeyi belədir: bölgədə davamlı sülhün yaranması üçün problem həll olunmalıdır. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanın xüsusən cənub istiqamətində hərbi uğurları, İran sərhədlərimizi Ermənistanın, faktiki olaraq Rusiyanın nəzarətindən qurtarması ABŞ-nın və Avropanın köklü maraqlarına uyğundur. Mən Amerikanın məsələlərə sakit yanaşmasının da bu amillərlə bağlı olduğunu düşünürəm. Bu, 2014-cü ildən yaranmış yeni dövrdə məntiqli və gözlənilən yanaşmadır.

- Problem 1987-ci ildə akademik Aqanbekyanın Fransa mətbuatına açıqlamasından sonra başlanıb və 33 il, yəni 1 qərinədir davam edir. Bu illərdə Azərbaycana Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Yaqub Məmmədov, Əbülfəz Elçibəy, Heydər Əliyev rəhbərlik edib. Adlarını sadaladığım siyasi rəhbərlərin zamanında problem həll edilmədi. Səbəblər nə idi, o illərdə geosiyasi fürsət yaranmamışdı, yoxsa indi yaranıb və yaxud İlham Əliyevin diplomatik manevrləri, siyasi xarizması burada başlıca rol oynadı?

- Sualınız elə bir sualdır ki, onun ətrafında bir neçə dissertasiya yazmaq mümkündür. Çox geniş sualdır, bilirsiniz, fərqli dövrlərdir, fərqli imkanlardır və şəraitlərdir, ona görə də dövrləri birbaşa müqayisə etmək rahat bir iş deyil, araşdırma və ciddi təhlillər aparılmalıdır. Amma indi xatırlatdığım qlobal geopolitik səbəblərdən tamamilə yeni situasiya yaranıb. Hər zaman biz dediyimiz təhlükələrdən yayınmaq və imkanlardan istifadə etmək istiqamətində Azərbaycan dövləti düzgün zamanda düzgün addımlar atıb. Xüsusən də bu addımların Türkiyə ilə birgə atılması uğuru təmin edir və edəcək.

- Azərbaycan ordusunun qələbələri davam etdikcə, sosial şəbəkələrdə Əliyev hakimiyyətinə müxalif olanlar maraqlı açıqlamalar səsləndirir, məsələn, siyasi məhbuslardan biri deyir ki, torpaqlar azad olunsun, daha 10 il də həbsə hazıram. Qarabağ problemi həll olunsa, sizin Əliyev hakimiyyətinə 2003-cü il olayları daxil olmaqla münasibətinizdə dəyişiklik olacaqmı?

- Hələ 1997-ci ilin mayında bizim təşəbbüsümüzlə Qarabağ məsələsiylə bağlı bəyannamə imzalanmışdı. Sənədə Müsavat, AXCP kimi aparıcı müxalifət partiyaları, hakim Yeni Azərbaycan Partiyası, hakimiyyətyönlü Ana Vətən və başqa partiyalar da imza atmışdı. Sənəddə yazılmışdı ki, hərbi əməliyyatlar genişlənsə və gerçək müharibə şəraiti yaransa, biz siyasi partiyalar könüllü şəkildə fəaliyyətimizi məhdudlaşdıracağyıq, bütün qüvvəmizi xalqın potensialının səfərbərliyə alınmasına yönəldəcəyik. Eyni zamanda, sənəddə bir fikir də yer almışdı ki, heç bir siyasi partiya müharibənin başlayacağı halda öz qrup maraqları üçün istifadə etməyəcək. Keçən müddətdə biz də daxil heç bir partiya sənəddəki imzasından geri çəkilməyibdir. Bu baxımdan həmin sənəd indi də qüvvədədir. Ona görə də bizim məsələyə münasibətimiz birmənalıdır. 27 sentyabr ərəfəsində də, ondan sonra da istər Müsavat, istər digər aparıcı müxalif partiyalar və biz Milli Strateji Düşüncə Mərkəzi fikrimizi bir daha bəyan etmişik. Hələ hərbi əməliyyatların başlanmasına 5 gün qalmış, sentyabrın 22-də Milli Strateji Düşüncə Mərkəzi açıqlama yaydı ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində müharibə yenidən başlansa, biz milli-demokratik qüvvələr kimi dövlətimizin, xalqımızın və ordumuzun yanında olacağıq. Eyni zamanda, əlavə etdik ki, uğur qazanmaq istəyən hakimiyyət belə bir müharibə ərəfəsində tam milli birliyə nail olmalıdır, beynəlxaq miqyasda isə Türkiyə ilə daha sıx siyasi-hərbi ittifaqı gücləndirməlidir və çağdaş dünyanın bir hissəsi kimi fəaliyyət göstərməlidir. Yəni biz müharibənin başlanmasına 5 gün qalmış belə açıqlama yaymışıq. 27 sentyabrdan sonra da aparıcı müxalif partiyaların saysız-hesabsız rəsmi bəyanatları var, hər birində demokratik düşərgə dövlətlə, orduyla bir yerdə olduğunu ortaya qoyub. Bu mövqe hansısa siyasi və şəxsi marağa görə deyil, dövlətimizin və xalqımızın marağına uyğundur, köklü milli maraqlarımızdır. Əslində, 27 sentyabrda başlanan proses bizim xəttimizin davamıdır.

- AXC-Müsavat hakimiyyətinin?

- Daha dərinə gedək, Müsavat Partiyasının hələ 1918-ci ildə ortaya qoyduğu mövqeyin davamıdır. Bir çox mütəxəssislər qeyd edirlər ki, Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi birlik heç bir zaman 1918 və indiki qədər bir-birinə yaxın olmayıb. Yəni həmin siyasətin və Elçibəyin siyasətinin davamıdır. Bu baxımdan proseslərə çox müsbət yanaşırıq, uğurların mümkün qədər çox olmasını istəyirik. Bilirsiniz, biz buna İkinci Qarabağ müharibəsi və ya yaxud Vətən müharibəsi deyirik - bunların hamısı həqiqətdir. Eyni zamanda, mən bu savaşı istiqlal savaşının davamı kimi qiymətləndirirəm. Torpaqlarımızın işğaldan azad olunmasıyla təkcə Azərbaycanın ərazi bütövlüyü təmin olunmur, həm də Rusiyayla məsafələnir, Türkiyəylə yaxınlaşırıq. Bu da istiqlal mübarizəsinin ciddi mərhələsidir, ona görə də savaşımız istiqlal savaşıdır. Tanrı şəhidlərimizin hər birinin ruhunu şad etsin, onlar istiqlal şəhidləridir.

- İsa bəy, Qarabağ problemi tam şəkildə həll olunsa, regionda və Azərbaycanda hansı mənzərənin fürsətləri yaranır?

- Bizim regionda vəziyyətin dəyişməsi dünyanın dəyişməsinin tərkib hissəsidir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi təkcə Azərbaycan xalqının və dövlətinin marağına uyğun deyil, bu, dünyada gedən müsbət proseslərin tərkib hissəsidir. Mən əminəm ki, bunu Qərbdə dilə gətirməsələr də, daha çox Ermənistana meylli mövqelər ortalığa çıxsa da, əslində, dərinlikdə Qərbin də aparıcı qüvvələri, düşünən hissəsi bu həqiqətləri bizdən də yaxşı bilirlər və bunu olduğu kimi də qəbul edirlər. Dünya dəyişir və Azərbaycan da, region da dəyişəcək. Təbii ki, Azərbaycan üçün çox ciddi fürsətlər meydana çıxacaq. Şans yaranacaq ki, yenidən öz iradəsini ortaya qoysun, özünü regionda aparıcı siyasi qüvvə kimi təsdiq etsin. Azərbaycanın daxilində isə böyük imkanlar yaranacaq. Bunlardan xalqımız, müxtəlif siyasi qüvvələr, daxili güc mərkəzləri nə cür istifadə edəcəyinə gəlincə, bu, artıq onların müdrikliyinə, ciddiyətinə və məsuliyyətinə bağlı məsələdir. Mən inanıram ki, həmin günlərdə biz bu söhbətimizi davam etdirib və bəzi fikirlərimizi də orda ifadə edərik. Elə məqamlar var ki, bu gün onlara toxunmaq istəmirəm.

Natiq Cavadlı
Meydan.Tv