İsa Qəmbər yenidən Müsavat başqanı seçildi
04-05-2024 17:37 / Bu xəbər 1013 dəfə oxundu
Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib.
Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və partiyaya yeni başqan seçilib.
Başqanlığa yeganə namizəd İsa Qəmbər yenidən bu posta seçilib.
Seçkidə ümumilikdə 282 nəfər iştirak edib. İsa Qəmbər 279 səs toplayıb. 3 nəfər isə əleyhinə səs verib.
İsa Qəmbər 10 il sonra yenidən Müsavat başqanı olub. Partiyanın nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.
Bu səbəbdən Arif Hacılı namizədliyini irəli sürməyib.
Bundan əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi (Ulubəy) başqanlığa namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi namizədliklərini geri götürüb.
İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib.
O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib.
2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.