İsa Qəmbər yenidən Müsavat başqanlığına namizəd ola bilər

İsa Qəmbər yenidən Müsavat başqanlığına namizəd ola bilər

02-04-2024 16:10 / Bu xəbər 810 dəfə oxundu

Partiya qurultayla bağlı qərar qəbul edib

Mayın 4-də Müsavat Partiyasının X qurultayı keçiriləcək.

Bu barədə Meydan TV-yə partiya başqanının müşaviri Dadaş Əhmədli məlumat verib.

Məlumatda martın 30-da partiya Məclisinin iclasında qurultaya hazırlıqların başa çatdırıldığı və qərar qəbul edildiyi bildirilir.

O deyib ki, Divan da qurultayın keçirilməsi haqda qərar qəbul edib: "Nizamnaməyə əsasən 4 ildən bir qurultay keçirilməlidir, ona görə hələ növbəti qurultayın vaxtından bir qədər keçib. Əgər yer məsələsində problem olmayacaqsa, qurultay mayın 4-də baş tutacaq. Artıq qurultaya nümayəndələr də seçilib”.

Dadaş Əhmədlinin sözlərinə görə, Məclisin sonuncu toplantısında Qədim Soltanlı İsa Qəmbərin başqanlığa namizədliyini irəli sürüb: "Digər çıxış edənlər də ona dəstək verdilər. Amma Qədim Soltanlıdan əvvəl Məclisin sədri Nüşabə Sadıxlı İsa bəyin namizədliyini irəli sürmüşdü”.

Partiyanın başqanı Arif Hacılı Meydan TV-yə mayın 4-də qurultayın keçiriləcəyini təsdiqləyib.

O, özünün başqanlığa namizədliyinin irəli sürülməyəcəyini bildirib: "Çünki nizamnaməyə görə bir nəfər iki dövrdən artıq başqan ola bilməz”.

A.Hacılı 2014-cü ildə Müsavat Partiyasının başqanı seçilib.

Müsavat Partiyasının sonuncu, IX qurultayı 2019-cu ilin oktyabrında keçirilib.

İsa Qəmbər 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı olub.