İşdən çıxarılan səfir və sabiq nazir müavini həbs edilə bilər

İşdən çıxarılan səfir və sabiq nazir müavini həbs edilə bilər

17-12-2024 20:46 / Bu xəbər 235 dəfə oxundu

Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.
 
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Nəsir Məmmədov təxminən 2 ay öncə gündəmə gəlmişdi.

Globalinfo.az bu gənc və perspektivsiz diplomatla bağlı araşdırma yazı dərc etmişdi. Məqalədə elə faktlar yer almışdı, oxuduqca adam dəhşətə gəlirdi.

Sən demə, Nəsir Məmmədov diplomat və səfir kimi ona tapşırılan vacib dövlət vəzifəsini bir kənara atıb, viza alveri edirmiş. 

Sözün əsl mənasında, diplomatik nümayəndəliyi bazara çeviribmiş. Necə?

Oktyabrın 20-də Globalinfo-da çıxan yazıda mötəbər mənbələrə istinadla bildirilirdi ki, səfirlikdə hər il viza alverindən milyonlarla vəsait mənimsənilir.

Təsəvvür edin, viza rüsumu 20 dollar olduğu halda səfirlik saxta "vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satırmış. 

İraq səfirliyində il ərzində təxminən 5 min viza verilir, bu da yekunda 2-3 milyon dollar aralığında qara dövriyyə deməkdir.

Məqalədə bildirilirdi ki, milyonlarla dollar dövriyyəsi olan viza dəllallığında səfirlik təkbaşına olmayıb. Prosesdə xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovun da adı keçir. Onun bu cür qaranlıq işlərdə təcrübəsinin olduğu haqda mediada indiyə kimi çox yazılıb.

Xatırladaq ki, Nadir Hüseynovun adı daha əvvəllərdən viza alverində hallanıb. 

O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Mümkündür ki, Nadir Hüseynov da məsuliyyətə cəlb edilsin.

Həmin məqalədə diqqəti bir məqama da yönəltmişdik. Yazıdan sitat: "Sözügedən qanunsuzluğun İraqdakı səfirliyimizdə cərəyan etməsi olduqca təhlükəlidir. Sirr deyil ki, İraq terror təşkilatlarının, müxtəlif radikal cinayətkar qrupların aktiv fəaliyyət göstərdiyi ölkədir. Bunu nəzərə alanda 500 dollara viza satan Nəsir Məmmədovun hansı riskli işə qol qoyduğunu başa düşmək olur. Belə ki, ölkəmizdə təxribat törətmək istəyən şəxs İraqdakı səfirliyimizdən 500 dollara viza alaraq Azərbaycana gələ bilər. Bu baxımdan Azərbaycanın İraqdakı səfirliyində tüğyan edən korrupsiya hallarının həm də ölkənin təhlükəsizliyini təhdid etdiyini deyə bilərik. Vətənin sərhədi səfirliklərdə başlayır. Ancaq görünür, səfir Nəsir Məmmədov üçün bu sərhədin keçilməsinin qiyməti cəmi 500 dollardır”.

Ayağında bu qədər yeyinti olan, fəaliyyəti müddətində viza alveri edib, qanunsuz əməllər törədən Nəsir Məmmədovu hansı aqibət gözləyir? O, məsuliyyətə cəlb edilə bilərmi?

Rəyini aldığımız hüquqşünasların sözlərinə görə, bu, mümkündür.

İşdən çıxarılan səfir Nəsir Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğludur.

O, Milli Məclisin Komitə sədri Hicran Hüseynovanın kürəkənidir.