"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Bəxtiyar Hacıyevlə bağlı bəyanat yaydı

26-04-2022 12:15 / Bu xəbər 2930 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı bəyanat yayıb.

Bu barədə təşkilatın rəhbəri Fikrət Cəfərli məlumat yayıb. 

Bildirilir ki, aprelin 21-də Bəxtiyar Hacıyevin bir qrup maskalı tərəfindən oğurlanması və ağır işgəncələrə məruz qalması sifariş əsasında həyata keçirilib: "Hadisənin üstündən bir neçə gün vaxt keçməsinə baxmayaraq, cinayəti törədənlərin hələ də tapılmaması hadisənin sifarişlə törədildiyindən və Azərbaycanda hüququn dəfn edilməsindən xəbər verir".

"Bəxtiyar Hacıyevin baş verənlərlə bağlı dediklərindən belə məlum olur ki, onun oğurlanaraq ağır işgəncəyə və qeyri-insanı rəftara məruz qalması Azərbaycan hakimiyyətinin yuxarı təbəqələrinin sifarişiylə həyata keçirilib", - deyə bəyanatda vurğulanır.

""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" hadisənin obyektiv araşdırılmasını tələb edib: "Azərbaycan  hakimiyyətindən tələb edirik ki, Bəxtiyar Hacıyevə qarşı törədilmiş cinayətin üstünü dərhal açmalı, sifarişçilər və icraçılar dərhal həbs olunmalıdır. Əks təqdirdə, sifarişin hakimiyyətin üst qatından verildiyi qənaətinə gəlinəcək".