İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi: "Əli Əliyevə təzyiqləri pisləyirik"

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi:

07-01-2022 17:54 / Bu xəbər 1535 dəfə oxundu

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə təzyiqlə pisləyib.

Bu barədə təşkilatın rəhbəri Fikrət Cəfərli məlumat yayıb.

"Yasamal Rayon Məhkəməsində VİP sədri Əli Əliyevin iki məhkəmə prosesində iştirak etdik. Hər iki iş xüsusi ittiham qaydasında CM-nin 147.1-ci maddəsi ilə irəli sürülüb. Əslində eyni iddia ərizəsidir, sadəcə iddiaçının biri Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant Emil Cəfərov, digəri isə elə həmin xidmətin zabiti kapitan Ramin Ədilovdur", - deyə o qeyd edib.

Cəfərlinin sözlərinə görə, iddiaçılar bildiriblər ki, guya Əli Əliyev 2021-ci il dekabrın 9-da "Osmanqızı TV” "YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzası barəsində danışarkən onların şərəf və ləyaqətini aşağılayan fikirlər səsləndirib: "Lakin Əli Əliyevin həmin məlum çıxışını diqqətlə izləsəniz görərsiniz ki, həmin çıxışda kiminsə şərəf və ləyaqətinin alçaldılmasına səbəb ola biləcək hər hansısa fikir səsləndirilməyib. Bəli, orada Dövlət Sərhəd Xidmətinə tənqid var və tənqidə görədə tabeçiliyində olan hərbi qulluqçulardan partiya sədrinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək olmaz. VİP sədri Əli Əliyev siyasi partiya rəhbəridir və nəinki helikopter qəzasına, o, ölkədə baş verən istənilən hadisəyə öz fikrini bildirə, ehtimallarını irəli sürə bilər. Bu Konstitusiyanın 47-ci maddəsinin vətəndaşlara verdiyi hüququdur".

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi işin siyasi xarakter daşımasından narahatlığını ifadə edib və hökümətin belə siyasi sifarişli işlərlə partiya sədrinə qarşı təzyiqini pisləyib.