İşgəncələr Əleyhinə Mərkəz: "Həbslər siyasi motivlidir"
11-03-2024 12:47 / Bu xəbər 1135 dəfə oxundu
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı "Toplum TV işi” ilə bağlı bəyanat yayıb.
Sənəddə bildirilir ki, 6 mart 2024-cü ildə Toplum TV və yenicə təsis edilmiş III Respublika Platformasının üzvlərinin Bakı Şəhəri Baş Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən saxlanılıb və barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 -ci maddəsilə cinayət işi açılıb.
Bununla yanaşı, saxlanılan şəxslərin ofis və evlərində axtarışlar aparılıb, martın 8-də istintaqın təqdimatı əsasında Xətai Rayon Məhkəməsi tərəfindən - Akif Qurbanov, Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Digər saxlanılan Fərid İsmayılov və Elmir Abbasov barəsində isə polis nəzarətində qətimkan tədbiri seçib və onlar azadlığa buraxılıb.
Həmin iş üzrə martın 8-də sxlanılan tanınmış media eksperti Ələsgər Məmmədli və ictimai fəal Ruslan İzzətli barəsində isə martın 9-da 4 ay həbs qətimkan tədbiri seçilib.
Təşkilat bəyan edib ki, saxlanılan şəxslərə qarşı qeyri-insani rəftar göstərilib və şəxsiyyətlərin alçaldılması nümayiş etdirilib. Həmçinin Akif Qurbanovun vəkili Şəhla Hümbətovaya qarşı xüsusi kobudluq göstərilib və prosessual hərəkətlərin həyata keçirilməsinə imkan verilməyib, axtarış zamanı məcburi qaydada evdən çıxarılıb.
"Mərkəz açılmış cinayət işlərini jurnalistlərə və ictimai fəallara qarşı ifadə azadlığı, birləşmək və siyasi hüquqların kobudcasına pozulması kimi qiymətləndirir və həbsləri siyasi motivli sayır, hakimiyyətdən həbs edilmiş şəxslərin azadlığa buraxılmasını tələb edir", - deyə bəyanatda bildirilir.
Nə baş verib?
Martın 6-da polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.
"III Respublika" Platformasının ofisdən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.
"III Respublika" Platformasının spikeri Akif Qurbanova, Toplum TV-nin əməkdaşları - Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan Toplum TV-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.
Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.
Hüquqşünas, "Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb.
"III Respublika” Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.
Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.
Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.
Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.
Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.
Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.
Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu qərarı hakim Sülhanə Hacıyeva verib.
Axtarış zamanı "III Respublika" Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul "tapılıb”.
Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.
Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "Abzas Media”, "Kanal 13” internet televiziyası da var.
Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.
Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.
Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.
Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlığını ifadə edib.