İsrail-Azərbaycan: silah alverində “şapka əməliyyatı” keçirilir?

İsrail-Azərbaycan: silah alverində “şapka əməliyyatı” keçirilir?

23-09-2020 18:14 / Bu xəbər 817 dəfə oxundu

Xədicə İsmayıl: "Müdafiə və Müdafiə Sənayesi Nazirlikləri bu məsələyə aydınlıq gətirməlidir"

İsrailin "Haaretz” qəzeti yazır ki, 2012 və 2014-cü illər arasındakı dövr üçün açıqlanan bank hesabatlarına görə, İsrail "Aerospace Industries" Azərbaycanın çirkli pulların yuyulmasında şübhəli bilinən iki şirkətə ən az 155 milyon dollar ödəyib.

 Bu köçürmələr Azərbaycan hökuməti ilə 1,6 milyard dollarlıq silah sazişi imzalandıqdan bir neçə ay sonra başlanıb. 

Qəzet yazır ki, dövlətə məxsus 1.6 milyard dollarlıq müqavilə qarşılığıda 155 milyon dolların köçürülməsi şübhəli məqamlara yol açıb. 

Bu fakt Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinə (Organized Crime and Corruption Reporting Project – OCCRP) bank sənədlərinin sızması nəticəsində ortaya çıxıb.

Araşdırmada qeyd olunur ki, bu, IAI tərəfindən tarixidə ən böyük silah alış-verişlərindən biridir və şirkətlər Azərbaycanla 1,6 milyard dollarlıq müqavilə imzalayıblar.

"Bütün bunlar "şapka əməliyyatı"na bənzəyir”

Araşdırmaçı junalist Xədicə İsmayıl Toplum TV-yə deyib ki, bütün bunlar "şapka əməliyyatı"na bənzəyir. 

O bildirib ki, Müdafiə və Müdafiə Sənayesi Nazirlikləri bu məsələyə aydınlıq gətirməlidir: "Bu ödəmələr əciddi şübhə doğurur. Landromat araşdırması çərçivəsində biz Rusiyanın silah satışı şirkəti "Rosoboroneksport"un da Baş nazirin müavini Yaqub Eyyubovun oğlunun hesabına milyonlar köçürdüyünü aşkarlamışdıq. Özü də Rusiyadan 1 milyard dollarlıq sövdələşmədən bir neçə ay sonra. Danışıqları da Eyyubov özü aparırdı”.

IAI isə bu suala aşağıdakı kimi cavabı verib: ""İsrail Aerospace Industries" qanunun müddəalarına ciddi şəkildə əməl edən bir hökumət şirkətidir. Bir müdafiə şirkəti olaraq, şirkət siyasətinə əsasən, qanunun tələbi xaricində iş fəaliyyətimiz barədə məlumatları paylaşmır və cavab vermirik”. 

Ödənişlər hansı bank vasitəsilə köçürülüb? 

Məlumatda bildirilir ki, ödənişlər "Deutsche Bank" tərəfindən həyata keçirilib. 

ABŞ Maliyyə Nazirliyinin "çirkli pulların yuyulması"na məsuliyyət daşıyan qurumu FinCEN-ə təqdim olunan şübhəli fəaliyyət hesabatına da düşüb. 

Hesabatlar dünyadakı banklardan olan minlərlə başqa məlumatlarla birlikdə əvvəlcə "BuzzFeed News"a sızdırılıb. Daha sonra "Shomrim" də daxil olmaqla 108 media orqanı və dünyadakı 400 jurnalistlə bölüşən ICIJ-ə ötürülüb.

"Deutsche Bank"ın IAI ilə əlaqəli hesabatlarında adıçəkilən qurum və bankların siyahısında bunlar yer alır: "Alitalia", "Indian Aerospace Industries", "RwandAir", "Ethiopian Airlines", Rusiyanın "Rusiya Hava Yolları", "Kenya Police".  

Məruzələrdə IAI-nin pul köçürdüyü qurumların uzun siyahısı əksini tapıb. 

İki şübhəli şirkət və müəmmalı Hüseynov...

Bu ödənişləri alanlar arasında diqqətçəkən iki şirkətdir: "Jetfield Networks" və "Larkstone". Bu şirkətlər isə İsrail şirkətinin digər təchizatçılarının profilinə uyğun gəlmir.

2009-cu ildə Yeni Zelandiyada qurulan "Jetfield” fəaliyyətini təxminən üç il sonra Marşal adalarına köçürüb.  

İtaliyanın "L’Espresso” qəzetinin əldə etdiyi bank sənədlərinə görə, şirkətin "qanuni varisi” konsaltinq xidmətləri sahəsində məşhurdur. 

Sənədlərə görə, bundan əvvəl şirkət banklarla inşaat avadanlığı alqı-satqısı da daxil olmaqla bir sıra ticari fəaliyyətlərlə məşğul olub.

Şirkətin sahibi 1961-ci il təvəllüdlü Cavid Hüseynov adlı azərbaycanlıdır. 

Hüseynov eyni zamanda Estoniyanın xaricində fəaliyyət göstərən bir şirkətin - "Larkstone”un da sahibidir.

"Jetfield"in Marşal adalarına 2012-ci il fevralın əvvəlində köçürüldüyü bildirilir. Bunun rəsmiləşməsi də İsrail və beynəlxalq KİV-lərin IAI ilə Azərbaycan hökuməti arasında imzalanan böyük müqavilə barədə yaydığı məlumatlardan sonraya təsadüf edir.

Xarici mediada yer alan xəbərlərə görə, İsrail İranla uzun sərhəddi olan Azərbaycana xüsusi strateji əhəmiyyətlı ölkə kimi önəm verir. Hətta Azərbaycanda baş verən insan hüquqları pozuntuları da əlaqələrə maneə yaratmır.

Hüseynovu heç kəs tanımır... 

Qəzet yazır ki, araşdırmalar zamanı müsahiblərdən heç biri "Jetfield" və "Larkstone" şirkətlərini, həmçinin onların sahibi Hüseynovu tanımayıblar.  

"Danske Bank"ın əməkdaşı və işdə şübhəli bilinən Oksana Lindmets elektron yazışmada 2012-ci ilin yanvarında Bakıda "Jetfield" nümayəndələri ilə görüşdüyünü qeyd edib.

Məlumatda şirkətin marketinq, araşdırma, hüquqi, maliyyə və vergi məsləhətləşmələri və ortaqlar tapmaqla məşğul olduğu bildirilir. 

Əsas müştərilərindən biri olan Lindmets əlavə edir ki, bu şirkətlər öz xidmətlərini və digər mallarını Azərbaycanın müxtəlif nazirliklərinə (Müdafiə, Rabitə və s.) təklif etmək istəyən beynəlxalq şirkətdir.

Lindmetsin yazışmalarında nələr var? 

Lindmets elektron poçtunda (2012-ci ilin iyunu) "Jetfield"in IAI ilə artıq müqavilələr imzaladığını qeyd edib. 

E-poçtda "Jetfield”in avadanlıq alqı-satqısı ilə əlaqəli olmadığını bildirilir. Həmçinin IAI üçün yerli tərəfdaşların tapılması üçün məsləhət və ofis idarəedici xidmətlər göstərəcəyi açıq şəkildə vurğulanır. 

Yazışamada bildirilir ki, "Jetfield" əqdlərin dəyərinin 9,9% -i həcmində vasitəçilik haqqı da alacaq.

Növbəti  dəfə "Larkstone” ilə əlaqəli başqa bir e-poçt 2013-cü ilin fevralında göndərilib.

Bu, IAI-dən şirkətə 11,5 milyon dollar köçürmə ilə əlaqəli olub. 

"İsrail Aerospace Industries"

Konsaltinq xidmətləri ilə məşğul olmadığı üçün Lindmets bu müqavilənin qeyri-adi olduğunu yazıb. 

Bildirilir ki,"Larkstone" IAI tərəfindən Azərbaycana yük üçün veriləcək yük maşınları və generator almaq üçün müqavilə bağlayıb. 

Üçüncü bir elektron poçtda "Larkstone”un IAI adından Azərbaycanda bir təlim bazasının inşasında iştirak edə biləcəyi də qeyd edilib.

IAI ticari sazişləri şirkətin və İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlığı Müdirliyinin SIBAT-ın da idarə heyətinin təsdiqini tələb edib. 

Keçmiş IAI səlahiyyətlilərinə görə, komissiya haqqının ödənilməsi ilə bağlı qaydalar çox sərtdir və eyni şey IAI ilə işləyən şirkətlərin lazımi səylərinə də aiddir. 

Sabiq bir IAI məmuru bu qaydalara İsrailin on il əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasından bəri daha ciddi riayət edildiyini bildirib.

"Hər halda, söhbət etdiyimiz insanların heç biri "Jetfield", "Larkstone" və ya Hüseynov adları ilə tanış deyildi”,  - qəzetin araşdırmadan sonra gəldiyi nəticə belə olub.