İsrail casusluqda şübhəli bilinən 7 azərbaycanəsilli vətəndaşını saxlayıb
21-10-2024 19:01 / Bu xəbər 535 dəfə oxundu
Onların İrana 600-ə yaxın məlumat ötürdüyü bildirilir
İsrail polisi İrana casusluqda şübhəli bilinən 7 vətəndaşı saxladığını açıqlayıb.
Bu barədə polis oktyabrın 21-də məlumat yayıb.
İsrail Pokurorluğu bildirib ki, şübhəlilər İrana 600-ə yaxın məlumat ötürüb: "O cümlədən, həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İran üçün potensial insan hədəflərinin müəyyən edilməsində iştirak ediblər. Bu məlumatlar arasında "Ramat David”, "Nevatim”, "Glilot” və keçən həftə "Hizbullah”ın pilotsuz uçan aparatının hücumunda 4 əsgərin öldürüldüyü "Qolani Briqadası” hərbi bazalarının adları yer alıb”.
"Yerusalem post”un yaydığı məlumatda prokurorluq saxlanılanların azərbaycanəsilli İsrail vətəndaşları olduğunu qeyd edib.
Onların artıq 35 gündür ki, həbsdə olduğu bildirilir: "Şübhəlilərdən ikisi azyaşlıdır. Onların hərəkətləri dövlət təhlükəsizliyinə ziyan vurub”.
Saxlanılanların həmçinin bir neçə İsrail vətəndaşı haqqında kəşfiyyat məlumatı toplamaqda şübhəli bilindikləri də vurğulanıb.
Məlumatda qeyd olunub ki, tərəflər arasında ilkin təmaslar təxminən iki il əvvəl başlayıb: "Şübhəlilərə yüz minlərlə şekel (İsrail valyutası – red.) ödənilib. Ödənişlər İsrailə gedən Rusiya vətəndaşları vasitəsilə həyata keçirilib. Polis araşdırma zamanı onlarla sənəd də ələ keçirib”.