İsrail HƏMAS-la girovların qaytarılmasını razılaşdırıb

İsrail HƏMAS-la girovların qaytarılmasını razılaşdırıb

17-01-2025 21:48 / Bu xəbər 205 dəfə oxundu

Netanyahunun ofisi məlumatı təsdiqləyib

İsrail HƏMAS-la girov müqaviləsinə razılıq verib.

Bu barədə "Reuters” İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında Həmas tərəfindən saxlanılan girovların qaytarılması ilə bağlı razılıq əldə olunub.

Bununla da iki tərəf arasında 15 aydır ki, davam edən müharibəyə son qoymaq məqsədi daşıyan atəşkəs yolunda maneə aradan qaldırılıb.

Razılaşmanın birinci mərhələsinə 42 günlük atəşkəs, Qəzzada olan 33 girovun azad edilməsi, fələstinli məhbusların İsraildən azad edilməsi, İsrail ordusunun Qəzzadan mərhələli şəkildə çıxarılması və fələstinli mülki şəxslərə yardım axınının artırılması daxildir.

Birinci mərhələdə qalan girovların azad edilməsi və İsrailin tam geri çəkilməsi ilə münaqişəyə daimi son qoymağa yönəlmiş ikinci mərhələnin təfərrüatları üzrə danışıqlar aparılacaq.

Son mərhələ Qəzzanın yeni idarəetmə və təhlükəsizlik strukturu ilə yenidən qurulması ilə bağlıdır.

Atəşkəsdən sonra Qəzzada ölənlərin sayı 113 nəfərə çatıb.

Qəzzanın Mülki Müdafiəsinə görə, İsrail-HƏMAS arasında atəşkəs razılaşmasının elanından sonra İsrailin Qəzza zolağına etdiyi hücumlarda 264-dən çox adam isə yaralanıb.

Qətllərin 87-nin Qəzza şəhərində baş verdiyini bildirən xilasetmə agentliyi əlavə edib ki, müvafiq olaraq Xan Yunis, Qəzzanın mərkəzinə və Rəfaha hücumlar olub.

Ölənlərdən 28-nin uşaq, 31-nin isə qadın olduğu əlavə edilib. 

İsraillə HƏMAS arasında qarşıdurma 2023-cü ilin oktyabrın 7-də başlayıb.

BMT agentlikləri Qəzzada yaşayan 2,3 milyon insanın ən azı 1,9 milyonunun qaçqın düşdüyünü və yaşayış binalarının 92%-nin dağıdıldığı Qəzzada fələstinlilərə humanitar yardımı artırmağa hazır olduqlarını bildiriblər.