İsrailin 3 livanlı jurnalisti öldürdüyü bildirilir
25-10-2024 16:05 / Bu xəbər 421 dəfə oxundu
Hadisə KİV nümayəndələrinin yerləşdiyi binaya endirilən zərbələr nəticəsində baş verib
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Livanın cənubundakı Hasbaya qəsəbəsində bir sıra KİV nümayəndələrinin yerləşdiyi binaya zərbələr endirdiyi bildirilir.
Nəticədə ən azı üç jurnalistin həlak olduğu və bir neçə nəfərin yaralandığı deyilir.
"Reuters” Livanın Səhiyyə Nazirliyi və yerli mediaya istinadla yazır ki, hadisə oktyabrın 25-də yerli vaxtla saat 3 radələrində qeydə alınıb.
Ayrı-ayrı bəyanatlarda öldürülənlərin operator Hassan Naccar və İranyönümlü xəbər agentliyi "Əl-Mayadeen”in texniki Məhəmməd Reda və "Hizbullah”ın "Əl-Mənar” üçün işləyən operatoru Vissam Kassem olduğu bildirilib.
Həmin binada yalnız jurnalistlərin olduğu, zərbənin də gecə saatlarında, hamının yuxudaykən baş verdiyi qeyd edilir.
Jurnalistlərin qəsdən hədəfə alınmasını ümumiyyətlə, rədd edən İsraildən dərhal şərh verilməyib.
İsrail oktyabrın 1-dən Livanın cənubunda "Hizbullah” hərəkatının qüvvələrinə qarşı hava hücumları ilə müşayiət olunan quru əməliyyatı keçirir.
Bu hərəkətlər bir milyondan çox insanı evlərini tərk etməyə məcbur edib.
Buna cavab olaraq "Hizbullah” hərbi əməliyyatlar keçirməyə və İsrail ərazisinə raket zərbələri endirməyə davam edir.
Son məlumatlara görə, ötən ilin oktyabrından İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2530 nəfərə çatıb.
İsrailin Livanda əvvəlki zərbələri zamanı 5 jurnalist, o cümlədən "Reuters” agentliyinin jurnalisti İssam Abdallah həlak olmuşdu.