İsraillə Fələstini necə sülhə gətirmək olar? - Cozep Borrellin məqaləsi

İsraillə Fələstini necə sülhə gətirmək olar? - Cozep Borrellin məqaləsi

11-03-2023 16:32 / Bu xəbər 904 dəfə oxundu

İsraildə və işğal olunmuş Fələstin ərazilərində hər həftə çox sayda insan ölür, milyonlarla insan qorxu və ümidsizlik içində yaşayır. 

Dünya buna həddindən artıq çox bəyanatlar və hərəkətsizliklə reaksiya verir. Vəziyyət dəyişməlidir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin məqaləsini təqdim edir: 

Biz, Avropa İttifaqı və bütövlükdə beynəlxalq ictimaiyyət olaraq daha çox iş görməliyik. Biz bilirik ki, bütün dünyada insanlar bizdən planetin hər yerində sülh, ədalət və beynəlxalq hüquq naminə çalışmağımızı gözləyirlər. Ancaq bu hərəkətlərin uğur qazanması üçün, ilk növbədə, hər kəsə və özümüzə qarşı dürüst olmalıyıq.

Dürüst olmaq ekstremizmin hər iki tərəfdə artdığını etiraf etmək deməkdir. Seçimsiz hücum və zorakılıqlar bir çox israillinin həyatına son qoyur. İordan çayının qərb sahilində israillilərin zorakılığı demək olar ki, həmişə cəzasız qalaraq fələstinlilərin həyatını və dolanışıq vasitələrini təhlükə altına qoyur. İsrailin hərbi əməliyyatları tez-tez fələstinli mülki şəxslərin ölümü ilə nəticələnir, çox vaxt heç bir faktiki məsuliyyət daşımır. İşğal olunmuş torpaqlarda qanunsuz məskunlaşmalar genişlənir və müqəddəs yerlərlə bağlı incə status-kvo zəifləyir. İsraillilər güclü dövlətə və orduya arxalana bilər, fələstinlilər isə yox. Öz taleyini idarə etmək qabiliyyətindəki bu böyük fərqi hər bir yol keçid məntəqəsində görmək olar. Bütün bu faktlar sülhün əldə olunmasına mane olur.

Bəli, Avropada müxtəlif fiqurlar regionda baş verən hadisələrə çox vaxt fərqli reaksiya verirlər. Amma bu, Aİ-nin fəaliyyət göstərməsinə mane olmur. Biz hamımız son hadisələrdən məyus olmuşuq və hamımız ümumi son məqsədimizdə birik: təhlükəsiz və beynəlxalq səviyyədə tanınmış Fələstin Dövlətinin yanında sülh şəraitində yaşayan təhlükəsiz və beynəlxalq səviyyədə tanınmış İsrail Dövlətini görmək. Belə bir həll hər iki tərəfə qonşu dövlətlərlə azad, firavan və sülh şəraitində yaşamağa imkan verərdi.

Bizim öz maraqlarımız da təhlükə altındadır. Biz sülh istəyirik, çünki bu münaqişəyə son qoymaq beynəlxalq təhlükəsizliyin maraqlarına uyğundur. Biz sülh istəyirik, çünki həm İsrailin, həm də Fələstinin mövcudluq hüququnu tanıyırıq və hər yerdə beynəlxalq hüququn prinsiplərini müdafiə edirik. Biz sülh istəyirik, çünki bizim Müqəddəs Torpaqdakı bütün insanlarla ortaq əlaqələrimiz var və bu, regional sabitliyə və rifaha faydalı olacaq. Biz sülh istəyirik, çünki terror hamı üçün təhlükədir.

Lakin Avropa İttifaqı, Fələstin Muxtariyyəti və İsrail cəmiyyətinin əhəmiyyətli bir hissəsi iki dövlətli nizamlanmanı dəstəkləyirsə də, eyni zamanda HƏMAS İsrailin mövcudluq hüququnu tanımır və hazırkı İsrail hökumətinin koalisiya razılaşması fələstinlilərin öz dövlət yaratmaq hüquqlarını inkar edir. Üstəlik, İsrailin sağçıları işğal faktını getdikcə daha çox inkar edir.

Açığı, nə İsrail tərəfi, nə də Fələstin tərəfi sülhə hazırdır. Fələstin tərəfində nə birlik var, nə də kifayət qədər demokratik legitimlik. Bütün Fələstin qrupları terroru pisləməli və siyasi fikir ayrılıqlarını aradan qaldırmalı olacaqlar. İsrail tərəfi üçün əsas prioritet məskunlaşma və məskunlaşma zorakılığını dayandırmaq və müstəqil Fələstin dövləti naminə danışıqlara başlamaq olmalıdır.

Son illərdə beynəlxalq birlik iki tərəf arasında ciddi sülh səyləri göstərə bilməyib. Amerikalı dostlarımız uzun müddətdir ki, onları bir araya gətirməyə çalışırlar və İsraillə onun bəzi ərəb qonşuları arasında son normallaşma sazişləri ("İbrahim razılaşmaları”) həqiqətən də regional sabitliyə mühüm töhfə verib. Lakin onlar İsrail-Fələstin sülhünü daha da yaxınlaşdırmadılar. ABŞ bu proses üçün çox vacib olsa da, biz artıq bütün ağır yükü təkcə Amerika diplomatlarına həvalə edə bilmərik. Əksinə, ərəb dövlətlərini, Avropanı, ABŞ-ı və başqalarını cəlb edən həqiqi kollektiv səylərə ehtiyacımız var.

Bu faktları vicdanla dilə gətirdikdən sonra davamında nə etməliyik? Hər şeydən əvvəl, yeni sülh dinamikası yaratmaq üçün beynəlxalq səyləri gücləndirməliyik. Biz tərəfləri danışıqlar masasına oturmağa məcbur edə bilmərik, amma buna yol aça və hər iki tərəfə hazırlaşmağa kömək edə bilərik.

2013-cü ildə Avropa İttifaqı tərəflər sülh razılaşması əldə etdikdə, "görünməmiş iqtisadi, siyasi və təhlükəsizlik yardımı paketi” təqdim etməyi təklif edib. Bunu nəzərə alaraq, mən Aİ-nin xüsusi nümayəndəsi Sven Kupmansa bu təklifin məzmunu ilə bağlı Avropa Komissiyası və Aİ ölkələri ilə işləməyi tapşırmışam. Mən ondan həm də İsrail və Fələstin arasında və İsraillə onun bütün ərəb qonşuları arasında sülhün əldə edilməsinə yönəlmiş hərtərəfli regional proses üçün (tərəfdaşlarımızla birlikdə) konkret təkliflər hazırlamasını xahiş etmişəm.

Bundan əlavə, fevral ayında Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal ibn Fərhan Əl Səud və Ərəb Liqasının baş katibi Əhməd Əbu əl-Qeyt ilə görüşdüm, onlar 2002-ci ildə "Ərəb sülh təşəbbüsü”nü canlandırmaq və inkişaf etdirmək, habelə onu Avropa sülh paketi ilə tamamlamağa razılaşıblar. Bu istiqamətdə biz digər ərəb və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyik.

Bu prosesin məqsədi İsrail və Fələstinin sülh bağlayacaqları təqdirdə bölgəyə necə inteqrasiya edəcəyini təsəvvür etməkdir. Biz sülh yolu ilə hansı təhlükəsizlik, siyasi və iqtisadi əməkdaşlığın mümkün olacağını və bütün tərəflərin su təchizatı, enerji, infrastruktur və iqlim dəyişikliyi ilə bağlı ümumi problemlərin həllində necə iştirak edə biləcəyini düşünməliyik.

İndi İsrail-Fələstin sülhü yarananda hamımızın ona necə töhfə verə biləcəyimizi görmək üçün yaxşı vaxtdır. Aydındır ki, İsrail-Fələstin sülh razılaşması olmadığı təqdirdə heç bir Avropa və ya başqa dövlətin heç bir töhfəsi olmayacaq və bu nəticəyə nail olmaq üçün yardım vədlərimizin kifayət edəcəyini gözləməməliyik. Bununla belə, mövcud zorakılıq spiralını dayandırmaq üçün nəsə etmək lazımdır və biz hər iki tərəfə öz variantları üzərində düşünməyə kömək etməkdə mühüm rol oynaya bilərik.

Aydın olmalıdır ki, mən hazırda Avropa sülh təşəbbüsünü elan etmirəm. Bu mərhələdə biz sadəcə başqaları ilə danışırıq və israillilərin və fələstinlilərin sülhə hazır olduqları günə necə hazırlaşa biləcəyimizi düşünürük. Biz regionda sülhün necə görünə biləcəyini daha aydın şəkildə təsvir etməklə o günü yaxınlaşdıra bilərik. Dürüstlük bizdən tələb edir ki, biz artıq gözləməyə qadir olmadığımızı görək. 

Mənbə: "Project Syndicate"
Tərcümə: Nizami Bağırov
Qaynarinfo