İstanbuldakı partlayışla bağlı istintaq başlandı, sosial mediaya qadağalar qoyuldu
14-11-2022 01:00 / Bu xəbər 990 dəfə oxundu
6 nəfər həyatını itirib, 53 yaralı var
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayışda 6 nəfərin öldüyü, 53 yaralının olduğu bildirilir.
Hadisə noyabrın 13-də saat 17 radələrində baş verib. Partlayışın baş verdiyi ərazi turistlərin daha çox olduğu bölgə hesab olunur.
Ərdoğan: "Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünənki kimidir”
"Anadolu” agentliyinin məlumatına https://www.aa.com.tr/tr/gundem/cumhurbaskani-erdogan-bu-kalles-saldirinin-failleri-ve-arkasindaki-mahfiller-ortaya-cikarilacak/2736906 görə, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya yola düşməzdən əvvəl hava limanında baş vermiş partlayışla bağlı mətbuat konfransı keçirib. O, "Dövlətimizin müvafiq qurumları bu xain hücumun səbəbkarlarının və arxasındakı toplaşma yerlərinin üzə çıxarılması istiqamətində işlərini davam etdirir” deyib. "Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünənki kimidir”, – deyən ölkə prezidenti "Millətimiz əmin olsun ki, İstiqlal küçəsində baş verən hadisənin önündə və arxasında olan bütün ünsürlər üzə çıxacaq və günahkarlar layiq olduqları cəzanı alacaqlar”, – söyləyib.
Təcili qana ehtiyac yoxdur
Türkiyənin səhiyyə naziri Fahrettin Koca yaralıların müalicəsinin davam etdiyini açıqlayıb. Nazir sosial media hesabından verdiyi açıqlamada İstiqlal küçəsində baş verən partlayışda 6 nəfərin həyatını itirdiyini, 53 nəfərin isə yaralandığını xatırladıb. Hadisə yerinə gələn qruplar tərəfindən ilk müdaxilələrin edildiyini bildirən Koca, "Xəstəxanalarımızda yaralıların müalicəsi davam edir. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm” deyib.
Türk Qızıl Aypara Cəmiyyətinin "Twitter” hesabında edilən paylaşımda "İstanbulda baş verən partlayışdan sonra yaxınlıqdakı xəstəxanalara qan göndərildi. Hazırda təcili qana ehtiyac yoxdur”, – deyilib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu da partlayışla bağlı polis və sağlıq qruplarına kömək etməyi, qorxu və panika yarada biləcək postlardan uzaq durmağı xahiş edib. Ekrem İmamoğlu daha sonra partlayışın baş verdiyi ərazidə araşdırmalar aparıldığını bildirib.
Partlayışla bağlı yayım qadağası
Agentliyin məlumatına görə, hadisə ilə bağlı istintaq başlayıb. İstintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Bundan əlavə, İstanbul Sülh Cəza Məhkəməsi partlayışla bağlı bütün vizual və səsli xəbərlər və sosial şəbəkə saytları üçün yayım qadağası qoyub. Partlayışa 8 prokuror və 2 baş prokurorun müavini cəlb olunub.
Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu sosial media hesablarında yayılan partlayışla bağlı neqativ xəbərlə əlaqədar istintaq başladıb.
Əldə edilən məlumata görə, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağın proqramlarını yarımçıq qoyaraq İstanbula köçdükləri öyrənilib.
Matçlar təxirə salınıb
Spor Toto Super Liqanın 14-cü həftəsində "Beşiktaş”la "Fraport TAV Antalyaspor” arasında oynanılması nəzərdə tutulan matç Beyoğluda baş verən partlayış səbəbindən təxirə salınıb.(meydan tv)