“İstənilən vaxt xarici borcu sıfırlaya bilərik”

“İstənilən vaxt xarici borcu sıfırlaya bilərik”

24-02-2020 12:09 / Bu xəbər 267 dəfə oxundu

Fevralın 22-də prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb. Həmin gün ölkə başçısı Vatikanda olub, katolik kilsəsinin rəhbəri papa Fransisk və dövlət katibi kardinal Pietro Parolinlə görüşlər keçirib.

Fevralın 21-i Romada Azərbaycan-İtaliya biznes forumuna qatılan İlham Əliyev deyib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: "Ancaq bu, ilk növbədə Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olub. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi belə imkanlar yaradacaq.

Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. İndi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir”.

Prezident Azərbaycanın iqtisadi vəziyyətinin çox sabit olduğunu vurğulayıb: "Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim təsdiq etdiyim strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxt xarici borcu sıfırlaya bilərik. Yəni bu imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaq.

Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulub. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.

Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb”.

Dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib ki, İlham Əliyevin İtaliyaya ilk dövlət səfərinin status, imzalanmış sənədlərin kəmiyyəti və keyfiyyəti, ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və iqtisadi-ticari, hərbi-texniki, mədəni əlaqələr baxımdan müstəsna əhəmiyyəti var: "Bu, Azərbaycan prezidentinin İtaliyaya ilk dövlət səfəridir. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur.

Səfər Azərbaycan və İtaliya arasında əlaqələrin yeni keyfiyyət müstəvisinə qədəm qoymasını təmin etdi. Hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Yüksək səviyyədə olan siyasi əlaqələrimiz var. Təcrübə göstərir ki, ölkələr arasında siyasi əlaqələrin mükəmməlliyi digər vacib istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün hərtərəfli zəmin yaradıb.

Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir”.