İstintaq Təcridxanasında Ələsgər Məmmədlidə böyrək daşı aşkar edilib

İstintaq Təcridxanasında Ələsgər Məmmədlidə böyrək daşı aşkar edilib

09-09-2024 19:02 / Bu xəbər 653 dəfə oxundu

Ötən həftənin sonlarında İstintaq Təcridxanasında müayinə zamanı Toplum TV nəşrinin təsisçisi Ələsgər Məmmədlinin böyrəyində daş aşkar edilib.

Bu barədə "Turan"a onun qardaşı Nəsimi Məmmədli bildirib. 

"Mədəaltı vəzin genişlənməsi sabit olaraq qalır. Özəl həkim tərəfindən qalxanabənzər vəzin təkrar müayinəsi zamanı 23,5 və 15 mm ölçüsündəki düyünlərin daha da böyüməsi aşkar edilməyib. Eyni zamanda, Ələsgərin boğulma halları və baş ağrıları davam edir. Görməsi zəifləyib, son böyrəyində isə daş aşkar edilib", - deyə qardaşı bildirib. 

"İstintaq Təcridxanasında saxlandığı yarım il ərzində Əsgərli ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Qalxanabənzər vəzin şişi, böyrək daşı, əsəb sisteminin pozuntusu, hipertoniya kimi ciddi xəstəliklərlə onu həbsdə saxlamağın nə mənası olduğu aydın deyil", - deyə Məmmədli bildirib.

Penitensiar Xidmətin və istintaq orqanının nümayəndələrindən şərh almaq mümkün olmayıb.

***

 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. 

Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. 

Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

Hüquq müdafiəçiləri həbs edilənləri siyasi məhbus kimi tanıyıblar, beynəlxalq təşkilatlar onları azad etməyə çağırıblar.