İtaliyanın baş naziri Ərdoğanı "diktator" adlandırdı

İtaliyanın baş naziri Ərdoğanı

09-04-2021 11:38 / Bu xəbər 3259 dəfə oxundu

İtaliyanın baş naziri Mariyo Dragi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "diktator" adlandırıb. 

"Röyters"in aprelin 8-də verdiyi məlumata görə, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəyə səfəri zamanı Ərdoğanla bərabər masa arxasında deyil, kənarda, divanda oturdulmasını Dragi "qəbuledilməz" davranış kimi xarakterizə edib. 

"Mən Komissiya rəhbərinin bütün bunlara görə, gəlin onları necədirlərsə elə adlandıraq, diktatorlar görə, məruz qaldığı həqarətə təəssüf edirəm. Amma biz onlarla əməkdaşlıq etməyə məcburuq", - Dragi deyib. 

Baş nazirin bəyanatından sonra İtaliyanın Ankaradakı səfiri Massimo Qayani Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində Mariyo Draginin açıqlamasını kəskin şəkildə qınayıb:

"Seçkilərlə hakimiyyətə gələn prezidentimiz barədə İtaliyanın baş naziri Draginin qəbuledilməz ifadələrini qətiyyətlə pisləyirik və rədd edirik", - deyə o vurğulayıb. 

Türkiyə tərəfi Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ursula von der Leyenin prezidentlə bərabər masa arxasında deyil, kənarda, divanda oturdulmasının Avropa Birliyinin təqdim etdiyi protokol xətasından qaynaqlandığını bildirib.