İtmiş əşya taparkən və ya əşyamızı itirərkən nə etməliyik? - Dini və hüquqi aspektlər

İtmiş əşya taparkən və ya əşyamızı itirərkən nə etməliyik? - Dini və hüquqi aspektlər

12-12-2021 15:38 / Bu xəbər 3226 dəfə oxundu

Röya Mirtalıbova 
Hüquqşünas

"Əhməd haradadır?" filmində maraqlı bir hissə var: iki xanımın çantası dəyişik düşür. Hər iki xanımın ilk müraciət etdiyi ünvan Tapıntı Bürosu olur. Çünki hər kəs tapdığı əşyanı hara verəcəyini, eləcə də itkisini harada axtaracağını bilirdi.

Bu yazımda itkin əşyaların taleyinin dini və hüquqi tənzimlənməsinin bəzi aspektlərinə toxunacağam. Burada həm minillər boyu mövcudiyyətini saxlayan dini, həm mental dəyərlərin, həm də hüququn rolunu vurğulamağa gərək var. 

Bölgünü şərti olaraq iki yerə ayırmağım təsadüfi deyil, çünki dini və mental dəyərlər artıq cəmiyyətimizdə o qədər sıx vəhdət təşkil ediblər ki, onları ayırmağa gərək duyulmur. 

Bəs qarşılaşdığımız bu kimi situasiyalarda nə etməliyik: 

İslamın qaydalarına görə, itirilən malı tapan şəxs bir il ərzində ictimai yerlərdə (bazarlarda, məscidlərdə) tapılan malı elan etməlidir. Bu, müsəlman ölkələrinin əksəriyyətinin mental dəyərlərində də bu və ya digər şəkildə mövcuddur.
 
Müasir dövrdə isə bu elanı sosial şəbəkə, xəbər saytlarının imkanlarından istifadə edərək gerçəkləşdirmək olar. 

Əgər itmiş malın sahibi ortaya çıxmasa, tapan şəxs həmin malı sahibinin adından kasıblara, ehtiyacı olanlara paylaya bilər. Lakin əgər özü də, həqiqətən, kasıbdırsa, həmin maldan istifadə edə bilər. Burada bir maraqlı məsələ də var: əgər şəxs özü həmin maldan istifadə etsə, sonradan malın sahibi məlum olarsa, istifadə elədiyi malın əvəzini mütləq ödəməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsinə görə, əşyanı tapan şəxs Daxili İşlər Nazirliyinin tabeliyində olan Tapıntılar Bürosuna məlumat verməli, ya da tapılan əşyanı birbaşa gətirərək həmin orqana təhvil verməlidir. Bu, əslində, yaxşı bir sistemdir. Çünki kiçik və böyüklüyündən asılı olmayaraq, həm maddi, həm mənəvi mənada itki çox ağır şeydir. 

İtkisi olan insanın gözü hər zaman axtarışda olur. Bu gün də tapdığımız sənədləri, əşyaları təhvil verəcəyimiz və itirdiklərimizi axtaracağımız bir ünvan var. Bu, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin tərkibində fəaliyyət göstərən "Tapıntılar və buraxılış bürosu"dur. 2006-cı ildən etibarən fəaliyyət göstərməsinə baxmayaraq, bu büronu tanıyan elə də çox deyil...

Tapılmış əşyalar və sənədlər burada bir ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə, onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir. Ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və s. şəxsi sənədlər də bir ay müddətində saxlanılır. 

Bu müddətdə sahibi müraciət etmədikdə, ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, diplomlar və digər sənədlər (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və s.) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də digər müvafiq təşkilatlara göndərilir.

• Əgər mülkiyyətçi məlumdursa və əşyasının itirilməsi barədə Tapıntılar Bürosuna müraciət etmişdirsə, bu hal istisna olmaqla digər hallarda mülkiyyətçini müəyyən etmək mümkün olmadıqda və 1 illik müddət keçdikdən sonra tapan şəxs onu öz mülkiyyəti kimi istifadə edə və ya barəsində sərəncam verə bilər.
 
Burada diqqəti çəkən bir məqam var ki, İslamda tapılan əşyanın sahibinin üzə çıxması ilə bağlı verilən bir illik müddətlə, Mülki Məcəllədə eyni məsələ ilə bağlı verilən müddət eynidir. 

Mülki Məcəlləyə görə, əşyanı tapan şəxs mülkiyyətdən imtina edərsə, o zaman Tapıntılar Bürosu onu hərracda satıb mənfəət əldə edə bilər və ya məhv edə bilər.

Qanun həmçinin tapan şəxsə tapıntının dəyərinin 5%-i dəyərində mükafat və tapıntının saxlanılma xərclərini tələb etmək hüququ verir. Bu cür tələb hüququ tapıntını gizlətməyə cəhd etmiş və ya xəbər verməyən şəxsə verilmir.

Əgər tapıntı heyvan və ya tez xarab olan, yaxud saxlanılması çox xərc tələb edən əşya olarsa, 1 illik müddəti gözləmədən onun satışını təmin edərək əldə edilən vəsait mülkiyyətçiyə ödənilir...