Jalə Bayramova: "Bölməyə getdik, əməliyyatçı kobud davrandı"

Jalə Bayramova:

13-04-2021 17:04 / Bu xəbər 3527 dəfə oxundu

"Ya plan quracaqdılar, ya da qorxutmaq istəyirlər”

Hüquqşünas Jalə Bayramova izlənilməsi ilə bağlı polisdə izahat verib.

Jalə Bayramova bu barədə Meydan TV-yə danışıb.

O bildirib ki, polis bölməsinə vəkili Zibeydə Sadıqova ilə gedib, lakin əməliyyatçı Əsəd Umbayov onlarla kobud davranıb.

İşinə başqa əməliyyatçının baxmasını israr etdikdən sonra onları digər bir əməliyyatçıya - Nihat İbrahimova yönləndiriblər: "Əsəd Umbayov məndən soruşdu ki, sizin indiyədək başqa şikayətləriniz olubmu? Bu suala cavab vermək istəmədiyimi, hazırki işlə bir bağlılığı olmadığını dedim. Vəkilim də bildirdi ki, bu suala cavab vermək istəmirik, bura məhkəmə deyil. Bu zaman polis vəkilimin üstünə qışqırdı ki, dur, çıx bayıra. Vəkilimi mənim yerimə danışmaqda ittiham etdi. Biz ona vəkilin mənim əvəzimdən danışa biləcəyini izah edə bilmədik. Axırda bizimlə normal davranmadığı üçün həmin polisdən də şikayət etdik və işin ondan alınmasını tələb etdik. İndi işə Nihat İbrahimov adlı əməliyyatçı baxır. Bizə orada dedilər ki, araşdırma aparacaqlar”.

Jalə Bayramova deyir ki, artıq izlənməsi ilə bağlı onlarda müəyyən video-görüntülər var: "Yəni sübutsuz şikayət etməmişik. Əlimizdə sübutlar var".

İzlənilməsinə gəlincə, Jalə Bayramova bunu 8 Mart aksiyası ilə izah edir: "Bunu aksiyaya çıxmağım və aktvliyimə görə qorxutmaq məqsədilə edə bilərlər. Bundan əlavə, məişət zorakılığı hadisələri ilə bağlı tez-tez "102 Xidməti"nə zəng və şikayət etmişəm. Düşünürəm ki, bu səbəbdən də ola bilər. Bir sözlə, aktivlikdən narahatdırlar. Mən bilirəm ki, onlarda videom yoxdur. Ola bilsin ki, ona görə izləyirlər. Ya tanış olub, sonradan nəsə plan quracaqdılar, ya da ümumiyyətlə, qorxutmaq, çəkindirmək istəyirlər”.

Jalə Bayramova bildirib ki, çox vaxt tək gəzməməyə çalışır: "Sadəcə, həmin gün tək idim. Evimizin yaxınlığındakı bir marketə girdim, qoğal aldım. Yenə evimizin yaxınlığında oturub yeyirdim ki, 2 nəfər mənə yaxınlaşdı. Qışqır-bağır saldım və oradan uzaqlaşdım. Bu zaman gəlib binamızın həyətində oturdum. Çox keçmədi ki, həmin 2 şəxsin gəldiyini gördüm və evə qalxdım. Onlar mənim gəldiyim yoldan yox, binanın əks-istiqamətindən gəlmişdilər. Bu da onu göstərir ki, evimizin yerini bilirmişlər”.

Hüquqünas hadisənin aprelin 10-da baş verdiyini söyləyir.

O, bundan sonra ətrafındakı insanlarla məsləhətləşib, valideynlərinə məlumat verib və vəkili ilə danışıb: "Anladım ki, bu, izlənmədir. Bazar günü, yəni aprelin 11-də, səhər saatlarında 102-yə zəng edib şikayət etdim. Məni 28-ci Polis bölməsinə yönləndirdilər. Danışdım, qərarlaşdıq ki, ayın 12-si səhər saat 10-da vəkilimlə bölməyə yaxınlaşacağıq. Axşam saat 9:34-də mənə bir nömrədən zəng gəldi. Telefondakı polis olduğunu söyləyirdi. Təkidlə evimizə gəlib məndən ərizə almağını istəyirdi. Ona evdə olmadığımı bildirdim. İsrar edirdi ki, gəlsin, əgər gəlməsə, mən şikayətimdən imtina etmiş oluram. Sonradan öyrəndim ki, ayın 11-də axşam saatlarında bölmədə Elvin Cəfərov adlı polis olub. Amma zəng edənin onun olub-olmadığını bilmirəm. Mən dedikcə ki, bölməyə gələcəyəm, o, evə gəlməyə israr edirdi. Axırda izah etdim ki, mən hüquqşünasam və belə bir qayda yoxdur ki, polis gecə vaxtı kiminsə evinə gedib izahat alsın. Danışdığım vaxt bölməyə gedəcəyimi dedim. Telefonu qapatdım üzünə”.

Jalə Bayramova deyir ki, bəlkə də, daha öncə də onu küçədə izləyiblər, ancaq bundan xəbərsiz olub: "Görünür, fikir verməmişəm. Amma son vaxtlar fikir verirəm. Eyni zamanda, onu da deyim ki, Bakı Şəhər Baş Polis İdarəsindən də məni çağırıblar. Ancaq vaxtı hələ dəqiqləşdirməmişik”.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bir müddət öncə "Facebook” hesabında qızı Jalənin izlənməsi ilə bağlı paylaşım edib.

O bildirib ki, qızı ailələrinin Bakıda olan yeganə üzvüdür, nənəsi ilə birgə qalır. Son 1 aydır ki, dəfələrlə izlənildiyini, danışıqlarının dinlənildiyini hiss edir.

ADR sədri qeyd edib ki, son günlər qızının "Facebook” səhifəsinə də bir neçə dəfə haker hücumu olub: "Bu səbəbdən əvvəlki səhifəsini bağlayıb, yenisini açsa da, hücumlar yenə davam edir. Ərzaq almaq üçün getdiyi evin yaxınlığındakı "Favorit" mağazasından çıxanda yenidən izlənildiyini hiss edib, mağazadan arxasınca gələnlər yaşadığı binanın həyətinə qədər onu müşayiət ediblər. Səs-küy salandan sonra geri dönüblər. Jalə hazırda 4 Universitetdən (Bristol, Essex, Lund və CEU-dan) qəbul alıb, təqaüd üçün müraciətlərindən cavab gözləyirik. Bir neçə aydan sonra başqa istedadlı və azad fikirli gənclər kimi o da ölkəni magistr təhsili almaq üçün tərk edəcək”, - o bildirib.

Qubad İbadoğlu hazırda qızının izlənməsindən narahat olduğunu qeyd edib.

O, hüquq-mühafizə və xüsusi xidmət orqanlarına da müraciət edib: "Ailəmdən çirkli əlləri geri çəkin, yetər qızımı ötən ilin fevral ayından qorxu və təzyiq altında yaşamağa məcbur etməyiniz. Tezliklə vətənə dönəcəyəm, mübarizənizi mənimlə aparın, sözünüz varsa birbaşa mənə ünvanlayın, çirkli əllərinizi ailəmdən çəkin!”

Daxili İşlər Nazirliyindən (DİN) Jalə Bayramovanın şikayəti ilə bağlı işin hansı mərhələdə olduğunu öyrənmək mümkün olmayıb.