“Javelin”lər Rusiya ordusunu niyə qorxudur?

“Javelin”lər Rusiya ordusunu niyə qorxudur?

17-04-2022 23:57 / Bu xəbər 2532 dəfə oxundu

Təxminən iki aydır ki, Ukraynada müharibə gedir – bitərəfliyi qorusaq və Rusiyanın da mövqeyini nəzərə alsaq, "xüsusi əməliyyat”.

Hər nədirsə, Ukrayna silahlı qüvvələri Rusiyanın "Blitzkriq” planlarını alt-üst edib və Oleq Qazmanovun Kiyevdəki konsertini qeyri-müəyyən müddətə təxirə salıb.

Bu tamaşada, daha doğrusu, baş tutmayan tamaşada "Javelin”lərin rolu nə dərəcədə olub ondan danışaq.

Rusiya Silahlı Qüvvələri niyə "Javelin”dən bu qədər qorxur və müqavimət göstərə bilmir?!

Bundan əvvəl də "Javelin” daşınabilən raket kompleksləri barədə geniş məlumat vermişdik.

"FGM-148 Javelin” daşınabilən tank əleyhinə raket sistemi (ATGM) 1983-cü ildə hazırlanmağa başladı. Soyuq Müharibə hələ də davam edirdi və minlərlə sovet tankının La-Manş boğazına atılması ilə bağlı qorxular hələ də sovuşdurulmamışdı. 

Ancaq zaman dəyişdi və kompleks istifadəyə verildikdə (və bu, 1996-cı il idi) Avropa əməliyyat teatrında qlobal münaqişə təhlükəsi keçmişdə qaldı. 

Təxminən 40 min ədəd istehsal edilən bu silah, əsasən, Amerika ordusunun İraq və Əfqanıstan əməliyyatları kimi yerli müharibələrdə "yandırıldı”. Onun təxminən 10 mini hazırda Ukrayna müharibəsində istifadə olunur.

SSRİ, sonra isə Rusiya Federasiyası bu tip silahdan müdafiə olunmağa dair heç zaman, heç bir şəkildə tədbir görməyib. Ya ağlına gəlməyib, ya da münasib variant çıxmayıb…



Məsələ ondadır ki, çox zaman "raşotka” ilə əhatələnən zirehli maşınlar belə "Javelin”in qarşısında aciz qalırlar.  Tipik "minamyot”lara qarşı adətən zirehli maşınlarda barmaqlıqlar ("raşotka”) istifadə olunur. Lakin "Javelin” başlıqları bu cür maneələri də aşa bilir. Sovet dövründə yetişən  mütəxəssislər isə ya "Javelin”ə qarşı müdafiə metodunu düşünə bilməyiblər, ya da tənbəllik ediblər (başları "vurmağa” qarışıb).

Hətta, Rusiyanın ən müasir T-80 və T-90 tankları belə "Javelin”lə bacarmır.

Birinci səbəb müafiə problemi olsa da, ən böyük səbəb partizan müharibəsi sayılmalıdır. Çünki Ukraynada yolların çoxu meşələrin arasından keçir. Bu ərazilərdə isə ən yaxşı "yolçular” yerli döyüşçülərdir. Ukrayna vilayətlərində yaradılmış "teroborona” dəstələri yüzlərlə "Javelin”lə təmin olunublar.

Onların qəfildən hücumu Rusiya qoşunlarına müdafiə olunmağa imkan vermir və hətta say çoxluğu belə, zirehli texnika yanıb alışandan sonra rol oynamır. Bir-iki tankın partlaması belə, 15-20 tankdan ibarət kolonnaya psixoloji təsir göstərə bilər.

"Javelin”in bir tankı vurmaq üçün maksimal məsafəsi 2 və ya 2,5 kilometrdir. Meşələrdən ibarət Ukraynada kilometrlərə etiyac yoxdur. Bir-iki nəfər ağacların arasından yol tapsa və keçən tank karvanına atəş açsa, düşmən birləşməsində xaos yaratmaq üçün bəs edir.


Ona görə də Rusiya ordusu "Javelin”lərdən belə çəkinir və əsas gücü raketlərə verir.

Vaxtilə faşist Almaniyasına partizan müharibəsilə qalib gələn SSRİ-nin real varisləri kimdir?
 
Bu sual insanı düşünməyə vadar edir: partizan müharibəsini müasir silahlarla sintez edən Ukrayna silahlı qüvvələri, yoxsa, Rusiya ordusu?

Amma son cavab odur ki, Rusiya bu "kiçik” silahların varlığını görməzdən gəlməməlidir. Əgər Kremldə oturanlar "Javelin”i ciddiyə almasalar, daha 20 min itki verməyə hazır olmalıdırlar.

Məhz buna görədir ki, Rusiya qoşunları Ukraynanın cənubunda və cənub-şərqində tutduqları ərazilərlə yetinərək, istehkamlar qurmağa başlayıblar. Artıq Kiyevdə Oleq Qazmanovun konserti kimsənin "umrunda” deyil!..

Rüfət Əhmədzadə
Alp.az