Jurnalist atasının həkim səhvindən öldüyünü, Klinika isə faktların təhrif olunduğunu deyir

Jurnalist atasının həkim səhvindən öldüyünü, Klinika isə faktların təhrif olunduğunu deyir

03-08-2020 17:32 / Bu xəbər 1452 dəfə oxundu

Jurnalist atasının həkim səhvi ucbatından vəfat etdiyini iddia edir, "HB Güven Klinikası” isə iddiaları qəbul etmir, təhrif edildiyini bildirir

Jurnalist Zamiq Məmmədli atasının həkim səhvi ucbatından vəfat etdiyini iddia edib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Z.Məmmədli bildirib ki, atası Dağbəyi Məmmədov halsız vəziyyətdə olduğu üçün "HB Güvən Klinikası"na yerləşdirilib: "Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər, ödədim. İyunun 15-də "sətəlcəm" deyə guya "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik, bəlkə, onkomarkerlər də verilsin? Dedilər "yox" lazım deyil. "HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yaraları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi. "HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil. İyunun 20-də atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.

Atam iyulun 26-da vəfat etdi. 1-ci qrup Qarabağ əlili idi. "HB Güvən"dən heç olmasa üzrxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər,  sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar. Mən soruşdum ki, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var. "HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işgəncə veriblər. 
Atam bəlkə də bir neçə il, və ya bir neçə ay uzun yaşayacaqdı, amma "HB Güvən Klinikası" deyilən qəssabxanada pula görə səhv diaqnozlarla həyatını daha da qısaltdılar”.

"HB Güven Klinikası”ndan Arqument.az-a bildirilib ki, Zamiq Məmmədli faktları olduğu kimi təqdim etməyib, bəzi məqamları təhrif edib, bəzilərini isə gizlədib: "Hər şeydən əvvəl Dağbəyi Məmmədlinin vəfat etməsi ilə bağlı başsağılığı veririk. Bizə yönəldilən iddialara gəldikdə isə, cavabsız heç bir məqam qalmasın deyə maddələr halında aşağıda cavablarımızı sıralayacağıq. 

Xəstə Dağbəyi Məmmədov Qara oğlu (80 yaş, kişi) klinikaya müraciətinə qədər bədən temperaturunun yüksək olması, təngənəfəslik, ümumi zəiflik, halsızlıq, iştahsızlıq, qeyri-adekvat davranışlar və.s şikayətləri olub, COVİD 19 üçün yoxlanılıb və neqativ çıxıb, ev şəraitində dəstəkləyici müalicələr alıb. 

Xəstəmiz 15 iyun 2020 tarixində klinikamıza müraciət etdi. Xəstənin yatışı həyata keçirildikdən sonra qanın, sidiyin ümumi analizləri, qanın biokimyəvi analizi, qan və sidik kulturası testləri aparıldı. 

Testlər və yanaşı faktorlar dəyərləndirildi, həkim tərəfindən ağ ciyər infeksiyası düşünüldü və ətraflı müayinə üçün Ağ ciyər Kompüter Tomoqrafiyası (KT) etdirildi. Mövcud ağ ciyər KT göstəricisinə əsasən xəstədə vaxtilə keçirilmiş olan və hazırda mövcud pnevmonik vəziyyət qeydə alındı. Həkim tərəfində ağ ciyər vərəminə şübhə olduğundan xəstəyə Quantiferon testi istənildi.

Stasionarda aparılan müalicə nəticəsində 3-cü sutkadan vəziyyəti klinik və laborator olaraq stabilləşməyə başladı və iltihabi göstəriciləri gerilədi, ümumi halı yaxşılaşdı. Xəstənin müalicəsinin davamı üçün evə aparıla biləcəyini və sahə həkiminin nəzarəti altında müalicəsini davam etdirilə biləcəyi bildirildi. Xəstənin yaxını (Zamiq Məmmədli) maddi sıxıntısının olmadığını və müalicənin stasionar şəraitdə davam etməsini xahiş etdi. Xəstə sonrakı müalicəsini evdə davam etdirməsi üçün növbəti həftə (şənbə-bazar sərt karantin günləri sonrası) 22 iyun 2020 tarixində evə yazıldı. 

Evə yazılarkən xəstəyə polivitamin, immunmodulyator və Vərəm pozitiv nəzərə alaraq, (5 deyil,3-lü kombinasiya ilə) xəstənin kilo, yaş göstəricilərini nəzərə alaraq minimal doza təyin edildi. Xəstə ev şəraitində müvafiq dərmanları 3-4 gün qəbul etdikdən sonra xəstə yaxınları vəziyyətinin yaxşı olduğunu bildirdi.

Ev şəraitində müalicəsinin 7-ci günü (29 iyun 2020) xəstə yaxınları xəstənin yenidən halsızlaşdığını bildirdi. Həkimi infeksionist Dr.Nazxanım Qasımova xəstənin bu vəzyyətinin iltihabi proseslə bağlı olmadığını, xəstənin altda yatan onkoloji xəstəliyinin olmasının araşdırılması gərəkdiyini bildirdi.

Doktor xəstə yaxınlarına hansı onkomarrkerləri yoxlamaları gərəkdiyini də söylədi və yönləndirdi. Həkimin məsləhəti ilə xəstə yaxınları xəstənin onkomarkerlərini yoxlatdı və xəstədə onkomarkerlərin (xüsusən CEA) yüksək olması (kolorektal-mədə bağırsaq xərçəngini) təsdiqləndi”.