Jurnalist Aytən Məmmədovaya hücumla bağlı beynəlxalq reaksiyalar

Jurnalist Aytən Məmmədovaya hücumla bağlı beynəlxalq reaksiyalar

10-05-2022 18:09 / Bu xəbər 1619 dəfə oxundu

Jurnalist Aytən Məmmədovaya hücumla bağlı Norveç Helsinki Komitəsi, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak və beynəlxalq hüquq-müdafiə təşkilatı "Human Rights Watch” təşkilatı münasibət bildirib.

Mayın 10-da "Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Qoqia Aytən Məmmədovaya hücumdan narahat olduğunu ifadə edib. 

O bu barədə "Twitter” hesabında yazıb.

"Siyasi baxımdan həssas və səs-küylü məhkəmə işlərini işıqlandıran, tanınmış jurnalist Aytən Məmmədovaya hücumla bağlı məlumatlardan hədsiz narahatıq. Naməlum şəxs liftdə onun boğazına bıçaq dirəyək "ağıllanmadığını" deyib və qızıyla hədələyib”, - deyə o qeyd edib. 

Norveç Helsinki Komitəsi isə hücumu pisləyərək Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə qarşı qısnama hallarını dərindən araşdırmağa və jurnalistlərə qorumağa çağırıb.

"Cəsarətli jurnalistlər artıq bir müddətdir ki, Azərbaycanın onlar üçün təhlükəsiz yer olmadığını bilirlər. Bu dəhşətli hücumun diqqətli və hərtərəfli araşdırılması vacib məsələdir. Hakimiyyət orqanlarının zəif və istəksiz reaksiyası heç bir qaydanın olmadığı mənasına gələcək”, - NHK bildirib.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalistə qarşı hücumun araşdırılmasını təqib edəcəyini bildirib.

"Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracağıq. Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir”, - Şennak belə deyib.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: "Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.