Jurnalist deputata "filtermeyker" dedi - Deputat isə "sifariş" adlandırdı

Jurnalist deputata

12-08-2020 18:38 / Bu xəbər 1078 dəfə oxundu

"Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır", - bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, azərbaycanlı deputat Rüfət Quliyev də iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib: "İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik, yaşama və yemək xərcləri... Xeyli məmur uşaqları orda təhsil alıb və alır. Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə - 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib".

Bu məlumatdan sonra deputat Rüfət Quliyev övladlarının təhsilinə ildə 300 min dollar xərcləməsi ilə bağlı iddialara münasibət bildirib.

R.Quliyev bu iddianı onun son zamanlar bəzi məmurları tənqid etməsi ilə əlaqələndirib.

"Bunlar fikirləşirlər ki, xaricdə məskunlaşan müəyyən qüvvələrdən istifadə edərək məni susduracaqlar. Əksinə anlamaq istəmirlər ki, millət vəkiliyəm və xalqa xidmət etməli olan məmurları tənqid edirəmsə, bu birbaşa dövlətçilik maraqlarından irəli gəlir. O, məmurlarla hansısa şəxsi ədavətim yoxdur. Amma, görünür, bunlar mənim tənqidlərimi şəxsi olaraq qəbul edirlər və ona görə də dözümsüzlük göstərirlər. 

Bu xəbərin yayılmasının səbəbi də məhz bu tip məmurların işidir və onlar məni bu yolla susdurmaq niyyətindədirlər. Övladlarımın oxuduğu universitet ABŞ-nın sabiq prezidenti Bill Klinton tərəfindən təsis olunub. Univeristet dünyanın tanınmış təhsil ocaqlarından biridir. 

İkincisi də, istər mənim övladım olsun, istər başqa birinin fərq etməz, əgər belə universitetdə azərbaycanlı oxuyursa, ona qısqanclıqla yanaşmaq doğru deyil. Əksinə sevinməliyik ki, belə universitetlərin məzunu olan şəxslər bu millət və dövlət üçün yetişdirilən ən vacib kadırlardan biridir. Buna sevinmək əvəzinə, bəzəyib fərqli don geyindirmək ən cılız hərəkətdir”,  – R.Quliyev bildirib.

"Yeni Sabah” yazır ki, bir həftə öncə Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid edib. Buna görə də sosial mediada deputatın məhz bu qurumu nəzərdə tutduğu haqda ehtimallar səslənib. Lakin R. Quliyev bu məlmatı dərhal təkzib edib.

O, TƏBİB-lə bağlı məsələni Milli Məclisdə səsləndirdikdən dərhal sonra qurum tərəfindən həmin problemlər həll olunub. Buna görə də o, bu fikri səsləndirərkən TƏBİB-i nəzərdə tutmadığını vurğulayıb.

Jurnalist Cavanşir Həsənli isə deputata geniş bir yazı ilə cavab verib. O bildirib ki, deputat dolayısı ilə TƏBİB-in rəhbəri Ramin Bayramlını nəzərədə tutub. Jurnalistin cavab yazısını təqdim edirik: 
 Jurnalist Cavanşir Həsənli

"Deputat Rüfət Quliyevə bərk toxunub ki, niyə onun Dubaydakı Amerika Universitetində oxumuş övladları barədə yazmışam. Hələ ki sözgəlişi bir xatırlatma eləmişəm. Niyə də yazmayım? Göydən zənbillə düşüblər? Cənab filtermeyker deyir ki, bu yazını hansısa qurumu tənqid etməsindən 2 gün sonra yazmışam və bu təsadüf deyil, sifarişçi həmin qurumdur: "Amma sifarişçilər bilməlidir ki, mən onsuz da silahımı yerə qoyan deyiləm. Sifarişçilər bilsinlər ki, əlimdən "tapança”nı alıb, "pulemyot" verdilər”.

Aradım ki, üç gün əvvəl möhtərəm deputat TƏBİB-ə göndərdiyi məktublara cavab almadığı üçün onu tənqid edib, tənqid də demək olmaz narazılığını bildirib. Amma yenə də söhbət Rüfət Quliyevin dediyi kimi tənqiddən, hansısa dövlət qurumundan, illah da TƏBİB-dən gedirsə, mən ona çoxlu "pulemyot gülləsi", azlıq edirsə, "artilleriya" arzulayıram, hədəfi bol olsun! Hələ az qalıram deyim ki, hədəfi mənə şəxsən Ramin Bayramlı, ona isə Operativ Qərargah nişan verib))). Qaldı həmin universitetlə bağlı yazdıqlarıma, bəli  o universitetdə illik təhsil haqql 85 min dirhəmdən (24 min dollar) başlayır( https://www.schoolapply.com/schools/bachelors-degree/american-university-in-dubai/).

4 illik təhsil haqqı 96-100 min dollar edir, iki övladı üçün ən azı 192 min dollar deməkdir, həmin müddət ərzində kirayə və yemək xərclərini üstə gələndə hələ çox insaflı rəqəm demişəm.  Amma Rüfət Quliyevin iddia etdiyi kimi Dubaydakı o təhsil ocağı ABŞ universiteti deyil, bizim Bakıdakı keçmiş San-Marino universiteti kimi bir şeydir. Yəni Rüfət Quliyevin dediyi kimi onu Bill Klinton yox, Dubay şeyxi Sheikh Mohammed Bin Rashid Al Maktoumun dəstəyilə Atlanta Universitetinin ərəb əsilli əməkdaşı Elias Bou Saab təsis edib (https://www.aud.edu/university-overview/history/).

İndi deputat ABŞ universiteti deməklə, guya bununla onun reytinqi 4064-cü yerdən 14-cü yerə gələcəkmiş (https://www.4icu.org/reviews/4666.htm).
Deyir, övladları15 il əvvəl məzun olublar, Allah qoysa, vətənə qayıdıb burada işləyəcəklər.  Allah qoysa, III, IV  V və VI çağırış deputat olmuş Rüfət Quliyevin Milli Məclisdə "prapiska" olduğu kreslo boşalanda?".