Jurnalist DTX-ya çağırıldı
21-08-2017 18:41 / Bu xəbər 1525 dəfə oxundu
Ötən həftə bloklanan "infoaz.org” saytının rəhbəri Namiq Cəfərli Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.
Bu haqda jurnalistin özü məlumat verib.
Ona telefonla bildiriblər ki, saat 17:00-da Dövlət Təhlükəsizlik Xidmətində olmalıdır. Jurnalistə çağırılmasının səbəbləri haqda bilgi verilməyib.
N.Cəfərli ötən həftə, avqustun 19-u Baş Prokurorluğa dəvət edilmişdi.
"Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi", - Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.
"Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?", – sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.
Jurnalistə rəsmi xəbərdarlıq da edilmişdi.
N.Cəfərlinin rəhbəri olduğu xəbər saytı elə Baş Prokurorluğa çağırıldığı gün, avqustun 19-da blok edilib. Həmin sayta Azərbaycan ərazisində daxil olmaq mümkün deyil. Onda N. Cəfərli və bir neçə sayt rəhbərinin çağırılması ilə bağlı prokurorluq da açıqlama yaymışdı. Açıqlamada bəyan edilirdi ki, həmin saytlarda həqiqət olmayan, böhtan xarakterli yazılar dərc edilib.
Namiq Cəfərli də onda sosial şəbəkədə bəzi düşüncələrini ifadə etmişdi. O, bu dəfə də hakimiyyət mənsublarına tərif deyən həmkarlarını tənqid etmişdi.
N.Cəfərli saytın bloklanması ilə bağlı bu gün, avqustun 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də müraciət edib.
Mənbə: Azadlq Radiosu












