Jurnalist Ədil Hüseynli barəsində yazılanlara münasibət bildirdi
29-06-2017 18:58 / Bu xəbər 2337 dəfə oxundu
Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynli "Səs” İnformasiya Agentliyində haqqında yazılan və musavat.com-da da dərc olunan iddialara münasibət bildirib.
Bu barədə məlumatı Musavat.com yayıb.
***
"Yazıda qeyd olunan fikirlər tamamilə yanlışdır.
Əvvəla onu deyim ki, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevlə mənim heç bir qohumluq əlaqələrim yoxdur və heç vaxt da olmayıb. O Zəngilan rayonundandır, mən Neftçala rayonundan. Onu qəzetdə işləmək üçün müraciət etdiyim zaman tanımışam. O qəzetdə kifayət qədər tanınmış jurnalistlərin yazıları olub. İndi onların hamsına "reket" deyək?
Habil Vəliyevin rəhbəri olduğu qəzetdən 2009-ci ildə uzaqlaşmışam. Hətta çıxdıqdan sonra qəzetdə barəmdə yazı da yazdırıb. O gündən bu günə kimi Habil Vəliyevlə heç bir əlaqəm olmayıb. Barəmdə yazılanlar, sadəcə, cəfəng və uydurmadır.
Digər tərəfdən yazıda qeyd olunur ki, mən "Gündəlik Bakı" qəzetinin məzunuyam. Doğrudan da, gülüncdür. Məni tanıyanlar bilir ki, bu qəzetə qədər başqa mətbu orqanlarda işləmişəm.
Digər tərəfdən yazıda qeyd olunur ki, guya mən Surxay Əliyevin ( "Bizim dövr” qəzeti) həyat məktəbində ustalıq dərsi almışam. Tam məsuliyyətimlə deyirəm ki, heç vaxt "Bizim dövr” qəzetində çalışmamışam və Surxay Əliyevin üzünü belə görməmişəm.
Daha bir maraqlı məqam isə mənim guya hansısa generallarla əlaqələrimin olmasıdır. Bu, umumiyyətlə absurd məsələdir. Mənim həyatım boyu hansısa generalla əlaqələrim olmayıb. Əgər olsaydı, bunu etiraf etməkdən çəkinməzdim.
Villa və imarətlərimin olmasına da aydınlıq gətirim. Bu məlumatları verən adamlar "Səs” İnformasiya Agentliyini istəməyən şəxslərdir. Yalan məlumat veriblər. Gərək həmkarlarım bunu mənim özümdən soruşaydılar. Kim istəyirsə gedək yaşadığım mənzili və şəraitini göstərim. Təki villam və imarətlərim olaydı. Bunu danmazdım heç vaxt.
Sonda həmkarlarıma bir daha demək istəyirəm ki, bu qədər böhtan və yalan yazmaq, sadəcə, ayıbdır. Mənim rəhbəri olduğum saytda yazdığım köşə yazısı özümə məxsusdur və oradakılar mənim şəxsi fikirlərimdir".












