Jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb

Jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb

27-12-2018 18:15 / Bu xəbər 1939 dəfə oxundu

Azel.TV saytının baş redaktoru, inzibati qaydada 1 ay həbs olunan Əfqan Sadıqov dekabrın 27-də azadlığa çıxıb.

Bu barədə həyat yoldaşı Sevinc Sadıqova facebookda məlumat yayıb. 

O bildirib ki, Ə.Sadıqov cəza müddəti başa çatıb. 

Ə.Sadıqov noyabrın 27-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 aylığa inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) maddəsi ilə günahlandırılıb. 

Jurnalist Prezident Administrasiyasının qarşısında aksiya keçirən şəhid ailələrindən reportaj hazırlayarkən saxlanılıb.

O, ittihamı qəbul etməyib və həbsinin sosial şəbəkələrdə paylaşdığı statuslarla bağlı olduğunu deyib. 

Ə.Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də saxlanmışdı. 

Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, bu il mayın 23-də azadlığa çıxıb.

Daxili İşlər Nazirliyi isə jurnalistin ona işgəncələr verdiliyi barədə dediklərini təkzib edib.