Jurnalist: "Həbs olunmağımda Sahil Babayevin də rolu olub"

Jurnalist:

28-01-2021 12:44 / Bu xəbər 817 dəfə oxundu

"2020-ci il noyabr ayının 3-də Gədəbəy rayon icra hakimiyyəti başçısı İbrahim Mustafayevin göstərişi ilə şərlənərək həbs olunmuşam. Həbsimin səbəbi rayonda baş verən məmur cinayətləri barədə çoxsaylı məqalələr yazmağım olub. Həbs edilərkən elə düşünürdüm ki, bu işdə maraqlı olan yalnız İbrahim Mustafayev başda olmaqla rayonun bir sıra məmurlarıdır. Amma sonra aldığım məlumatlardan mənə aydın oldu ki, bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də böyük marağı olub". 

Bunu ötən il noyabr ayında Gədəbəydə həbs edilən jurnalist Zaur Qənbərov yazıb.

O, cəbhədə döyüşlər getdiyi bir vaxtda həbs edilib. 

Zaur Qənbərov qeyd edir ki, onun həbsində nazir Sahil Babayevin də rolu olub: "Mənim icra başçısının çox böyük qəzəbinə səbəb olan yazım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon şöbəsi barədə idi. Həmin şöbəyə gedərək adı şöbədə işçi olaraq rəsmiləşmiş, amma özü başçının qara pullarını yığmaqla məşğul olan başçının bibisi oğlu Taleh Mövla oğlu Məmmədovu axtardım. Onun hansı masada oturduğunu, hansı kəndlərin pensiya məsələsinə baxdığını soruşdum. Nə Taleh  Məmmədovu gördüm deyən oldu, nə də hansı işi gördüyünü bilən. Mən də rastlaşdığım vəziyyəti olduğu kimi ictimailəşdirdim. Fikirləşdim ki, yəqin, nazirliyin Gədəbəy şöbəsinin müdiri başçıdan asılıdır deyə Taleh Məmmədovun işə çıxmamasına göz yumur". 

Jurnalist deyir ki, o, yazıdan sonra nazirin bu məsələyə həssas yanaşacağını düşünüb: "Nə gizlədim, düşünürdüm ki, bu məlumat ictimailəşəndən sonra Sahil Babayev bir tədbir görər. Amma əksinə oldu,  nazirlik qanunsuzluğu ört-basdır etdi. Hazırda isə qanunsuz həbsdəyəm. Həbsimdən bir qədər sonra DSMF Gədəbəy rayon şöbəsi ləğv edilərək Şəmkirdə yaradılmış regional idarəyə birləşdirilib. Aldığım məlumata görə həmin Taleh Məmmədov Regional İdarədə də yüksək maaşlı işə təyin edilib və yenə də işə gəlmir. İndi siz deyin, regional idarə də Gədəbəyin başcısına tabedir? Xeyr. Regional İdarənin rəisinə tapşırıq nazir tərəfindən verilir. Deməli, nazirlə başçını hansısa gizli münasibət birləşdirir və mən bu münasibətin güdazına getmişəm".

"Sual olunur: Şəmkirdə saysız-hesabsız işsiz gənclər is axtardığı halda Sahil Babayevin Taleh Məmmədova bu cür imtiyaz verməsinin səbəbi nədir? Öz anasına pensiya təyin etdirib, anasından qat-qat ağır xəstələrin əlillik dərəcələrini ləğv etdirən, onların şikayətini belə dinləməyən bir nazirdən başqa nə gözləmək olar ki? İndi şərlənərək həbs olunmağımdan çox, üzümə kimlərin duraraq məni həbs etdirməsi narahat edir. Müharibənin ilk günündən könüllü olaraq cəbhəyə getmək üçün müraciət etsəm də, barəmdə məhkəmə araşdırması aparıldığını əsas götürüb cəbhəyə aparmadılar. Amma üzümə duranların özləri, övladları müxtəlif yollarla cəbhədən yayındılar. Onların öz ailə üzvlərinə saxta pensiya təyin etdirdiklərini sübut etsəm də, Sahil Babayev heç bir tədbir görmədi. Bütün bunları yazaraq qanunsuz həbs olunmağımın kimlər tərəfindən hazırlandığını diqqətinizə catdırır və sizdən üzərimdə qurulmuş məhkəmə adlı saxta məzhəkəni diqqətdə saxlamağı xahiş edirəm”, - jurnalist bildirib. 

Zaur Qənbərov Anews.az xəbər portalının bölgə müxbiridir. 

Jurnalist fəaliyyəti ilə əlaqədar bu ilin mayında Dövlət Sosial Müdafiə Nazirliyinin Gədəbəy şöbəsində bir Qarabağ müharibəsi veteranının problemini araşdırmağa gedib və orada döyülüb. 

Bundan sonra cinayət işi başlanıb və Zaur Qənbərov qanunsuz olaraq istintaqa cəlb olunub. Bundan sonra da istintaqa və prokurorluğa təqdim etdiyi heç bir sübut, etiraz qəbul edilməyib.

Jurnalist qanunsuz həbsindən əvvəl ölkə baçısı İlham Əliyevə müraciət edib: "Mənim yeganə günahım Sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət” qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çox saylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”, - deyə Zaur Qənbərov açıqlamasında vurğulayıb.