Jurnalist məhkəmə binasında təzyiqə məruz qalıb

Jurnalist məhkəmə binasında təzyiqə məruz qalıb

11-10-2024 14:43 / Bu xəbər 1067 dəfə oxundu

"Toplum TV"nin işi üzrə həbs edilmiş jurnalist Əli Zeynal oktyabrın 10-da Bakı Apelyasiya Məhkəməsinin binasında fiziki təzyiqə məruz qalıb.

Bu barədə onun vəkili Fariz Namazlı bildirib.

Zeynal saat 11.00-da məhkəməyə aparılıb və həbs müddətinin uzadılması ilə bağlı şikayətinə baxış başlamazdan əvvəl 1,5 saat əli qandallı və ayaq üstündə saxlanılıb. 

Jurnalistin həmkarları hesab edirlər ki, bu rəftar onun məhkəmənin oktyabrın 3-də keçirilən iclasındakı çıxışında "İlham Əliyevin sifarişi ilə" həbs olunduğunu və məhkəmədən "ədalət" gözləmədiyini deməsinə görə qisasdır.

Dünən Bakı Apellyasiya Məhkəməsi Əli Zeynalın, həmçinin "Toplum TV"nin işi üzrə fiqurantların - jurnalist Müşfiq Cabbar, fəal Akif Qurbanov, Ruslan İzzətli, Ramil Babayev və İlkin Əmrahovun həbs müddətinin uzadılmasından verilmiş şikayəti təmin etməyib. 

6-8 mart tarixlərində "Toplum TV"nin və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 jurnalisti və fəalı saxlanılıb. 

Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. 

Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib. 

İş üzrə həbs olunanlar ittihamları rədd edirlər. 

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb.

Oktyabrın 4-də Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda son 11 həftə ərzində 4 KİV orqanının - "Abzas Media", "Toplum TV", "Kanal-13" və "Meclis.info"nun jurnalistlərinin həbs müddətlərinin uzadılmasını pisləyib.