Jurnalist prokurorun gözü qarşısında döyülüb

Jurnalist prokurorun gözü qarşısında döyülüb

21-09-2023 20:51 / Bu xəbər 981 dəfə oxundu

Nurlan Qəhrəmanlı qadağan olunmuş informasiyanı yaymaqda ittiham edilib

Sentyabrın 21-də günorta saatlarında Sumqayıtda yaşadığı evdən aparılan jurnalist Nurlan Qəhrəmanlıya (Libre) 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə saat 18.00 radələrində Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.

Hakim Hüseyn Səfərovun çıxardığı qərara əsasən, Nurlan Qəhrəmanlı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.

Jurnalistin həyat yoldaşı Əsli Qəhrəmanlı bildirib ki, Nurlan Qəhrəmanlını evlərinə gələn mülki geyimli şəxslər zorla götürüb aparıblar.

Onlar jurnalisti hara apardıqları haqda da heç bir məlumat verməyiblər.

Sonradan məlum olub ki, jurnalist öncə Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.

Oradan isə Bakıya – Baş Proкurorluğa gətirilib.

Sosial media hesabındakı paylaşımlarına görə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Nurlan Qəhrəmanlı haqqında protokol tərtib olunub.

Ardınca isə o, Yasamal Rayon Məhkəməsinə gətirilib.

Məhkəmədə hakim qarşısına çıxarılarkən jurnalistin üzərində çoxsaylı xəsarətlər olub.

Nurlan Qəhrəmanlı saxlanılarkən və ondan sonra işgəncəyə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, prokurorun gözü qarşısında döyülüb və buna heç bir reaksiya verilməyib.(Meydan TV)