Jurnalist təqib edildiyini deyir

Jurnalist təqib edildiyini deyir

04-10-2017 15:16 / Bu xəbər 1221 dəfə oxundu

Jurnalist Arzu Abdulla mülki geyimli şəxslər tərəfindən təqib edildiyini iddia edir. 

O, bu barədə öz "Facebook” hesabında yazıb. 

"Vetenugrunda.az” saytının müxbiri diqqəti ona göstərilən təzyiqlərə çəkib.

"Bu saatlarda işə gələndə ofismizin yaxınlığında 4-5 kişinin dayandığını gördüm. Mən onlara çatanda yaxınlıdakı maşından bir nəfər düşüb qaçaraq onlara yaxınlaşdı. Dayananlardan biri mənə baxıb ondan soruşdu: "Bu deyil, Arzu?" O da dedi ki, hə, budur. Bir az getdikdən sonra dönüb baxdım ki, arxamca gəlirlər. Durdum, yerimdən tərpənmədim. Onlar maşına doluşdular. Mən yeriməyə başlayan kimi maşının dalımca gəldiyini gördüm və yenə də yerimdə dayandım. Sonra o məlunlar çıxıb getdilər”.

Arzu Abdulla yazıb ki, oktyabrın 3-də səhər saatlarında kənd bələdiyyəsindən telefonuna zəng gəlib. Zəng edən şəxslər nömrəni kimin işlətdiyini soruşublar: "Telefon nömrəm qardaşımın adınadır. Qardaşım isə kənddə qeydiyyatdadır. Bu ölkənin başını qara duman alanda, iki qardaşım könüllü sürətdə ermənilərlə döyüşə getdi, 3 il döyüşdülər. Bütün sağlamlıqlarını qurban verdilər. Amma bu ölkədə, doğulub böyüdüyün doğmaca ölkəndə dalınca düşüb səni izləyənləri görəndə ancaq məyus olmaq olur”.

Bu ilin sentyabrında Binəqədi rayonu ərazisində yerləşən «Kəmalə Nərmin” şadlıq sarayının qarşısında polislər jurnalistə zor tətbiq edərək onun telefonunu əlindən almışdılar.