Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı

Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı

17-09-2022 19:20 / Bu xəbər 1418 dəfə oxundu

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin bəyanat yayıb.

Bu barədə hüquq müdafiəçisi Fikrət Cəfərli məlumat verib.

"Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəkil Elçin Sadıqovun ev dustaqlığına buraxılmasını ona və Əvəz Zeynallıya qarşı açılmış cinayət işində doğru addım kimi qiymətləndirir, eyni zamanda jurnalist Əvəz Zeynallının da qısa zamanda ev dustaqlığına buraxılmasının doğru addım olacağını qeyd edirik", - deyə müdafiə komitəsi bildirib. 

Bildirilir ki, bununla bağlı Əvəz Zeynallının vəkilləri qısa zamanda məhkəməyə müraciət edəcəklər: "

Eyni zamanda qeyd edirik ki, hər iki şəxsə qarşı açılmış cinayət işini siyasi motivli iş hesab edirik. Ən qısa zamanda bu iki tanınmış şəxsə qarşı açılmış cinayət işinə xitam verilməsinin ən doğru qərar olacağını qeyd edirik".

Dünən, sentyabrın 16-da jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarını müdafiə komitəsinin həmsədrləri - Fikrət Cəfərli və Bəxtiyar Hacıyev və Əvəz Zeynallının ailə üzvləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində görüşdə olublar. 

Görüşdə jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı geniş məlumat verilib, ətraflı müzakirə aparılıb.

Elçin Sadıqov və Əvəz Zeynallı sentyabrın 10-dan həbs edilib.

Vəkil və "Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə təqsirləndirilir.

Əvəz Zeynallı "Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. 

Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.

Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.

Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. 

Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Vəkil Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.