Jurnalist “Yeni Azərbaycan” qəzetindən təzminat tələb edir

Jurnalist “Yeni Azərbaycan” qəzetindən təzminat tələb edir

13-11-2022 15:14 / Bu xəbər 979 dəfə oxundu

Noyabrın 10-da jurnalist Qaşqay Ziyəddinoğlunun (Qaşqay Ziyəddin oğlu Ramazanovun) Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi mətbu orqanı olan "Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə növbəti hazırlıq iclası keçirilib.

Qaşqay Ziyəddinoğlunun media orqanları üçün yaydığı açıqlamasında qeyd edilir ki, hazırlıq iclasında yalançı şahidlərin ifadələri dinlənilib, işlə bağlı sənədlər məhkəməyə təqdim edilib. 

Daha sonra jurnalistin "Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında məhkəmə prosesinin baxış iclası 30 noyabr 2022-ci il tarixinə təyin olunub. 

Məhkəmə iddiası Qaşqay Ziyəddinoğlunun qanunsuz olaraq işdən azad edilməsinə görə qaldırılıb və iddiaçı cavabdeh tərəfdən işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əməkhaqqının tam şəkildə ödənilməsini, habelə son 10 ay ərzində peşəkar fəaliyyətinə maneçilik törədildiyinə, işgüzar nüfuzuna xələl gətirildiyinə görə əlavə təzminat tələb edir.

Jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddinoğlu 2020-ci ildə Milli Mətbuatın 145 illik yubileyi ilə əlaqədar olaraq İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə  "Tərəqqi” medalı ilə təltif edilib.