Jurnalistin polis zorakılığına məruz qalması ilə bağlı şikayəti araşdırılmayacaq

Jurnalistin polis zorakılığına məruz qalması ilə bağlı şikayəti araşdırılmayacaq

08-03-2022 22:30 / Bu xəbər 769 dəfə oxundu

Prokurorluq cinayət işi açmaqdan imtina edib

Səbail Rayon Prokurorluğu jurnalist Nərgiz Absalamovanın polis zorakılığıyla bağlı şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. 

Prokurorluğun müstəntiqi Aydın Nəcəfov fevralın 25-də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıb. 

Vəkil qərarı martın 6-da alıb. 

Qərarda iddia olunur ki, jurnalistin polis tərəfindən fiziki təzyiqə məruz qalması, nəticədə yıxılıb büzdüm sümüyünün sınması təsdiqini tapmayıb.

Jurnalist şikayətinə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan alınmış sənədi də əlavə edib. Həmin sənəddə Nərgiz Absalamovanın bu xəstəxanada müayinədən keçdiyi və onda büzdüm sınığı aşkarlandığı qeyd olunub.

Nərgiz Absalamova şikayətində göstərib ki, hadisə dekabrın 28-də Milli Məclisin binası qarşısında "Media haqqında” qanun layihəsinin qəbuluna etiraz edən jurnalistlərin aksiyası zamanı baş verib. 

Onun sözlərinə görə, aksiyanı dağıdan polislərdən biri onun boğazından tutub, üzünə də şillə vurub, bununla da kifayətlənməyib, itələyərək yıxıb. Jurnalist bildirib ki, dərhal olmasa da, bir müddət sonra ağrı hiss edib. 

Ağrı getdikcə şiddətlənib və onu 3 saylı şəhər xəstəxanasına çatdırıblar. Lakin orada lazımi avadanlıq olmadığına görə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətiriblər. Orada müayinə nəticəsində məlum olub ki, büzdüm sümüyü sınıb. Jurnalist vurğulayıb ki, o, təxminən bir ay evdə yataq şəraitində müalicə alıb.

Araşdırmalar zamanı məlum olub ki, jurnalistin şikayətləndiyi polis əməkdaşı Səbail Rayon Polis İdarəsinin Post-Patrul Xidməti bölüyünün əməkdaşı Ceyla Nağızadədir. 

O, prokurorluqda ifadə verərkən deyib ki, jurnalistin boğazından tutub, üzünə şillə vurması, onu itələyib yıxması haqda iddialar həqiqətəuyğun deyil.

Prokurorluğun təyin etdiyi məhkəmə-tibbi ekspertizası əsasında rəy tərtib edən ekspert də yazıb ki, müayinə zamanı Nərgiz Absalamovanın bədəni üzərində hər hansı xəsarət aşkarlanmadı.

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibbi sənədini isə prokurorluq nəzərə almayıb. Müstəntiq qərarda yazıb ki, o sənəddəki diaqnoz "obyektiv klinik-rentgeneloji, MRT və məhkəmə tibbi əlamətlərlə öz təsdiqini tapmadı, ona görə nəzərə alınmır”.

Jurnalist Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunması üçün məhkəməyə şikayət edəcək.

Nərgiz Absalamova polisin cəzalandırılması üçün Daxili İşlər Nazirliyinə də müraciət etmişdi. Lakin bu qurumdan da ona cavab verilib ki, Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb, şikayətində göstərdiyi hallar təsdiqini tapmayıb.(Meydan.TV)