Jurnalistlər evsiz qaldı: mənzillər şəhid ailələri və əlillərə paylanıldı

Jurnalistlər evsiz qaldı: mənzillər şəhid ailələri və əlillərə paylanıldı

01-12-2023 00:45 / Bu xəbər 1729 dəfə oxundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

Bu barədə nazirlik məlumat yayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib.

"Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”, - F.Talıbov deyib.

Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən binada 255 mənzil var.

Jurnalistlər üçün tikilmiş 3-cü binanın təməli ölkə Prezidentinin sərəncamı ilə 2017-ci ildə qoyulub.

Lakin sonradan mənzillərin jurnalistlərə deyil, şəhid ailələri və qazilərə verilməsi qərara alınıb. 

Nazirlər Kabineti bununla bağlı müvafiq Sərəncam verib.
 
2023-cü ilin martında Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov Nazirlər Kabinetinə yazılı müraciət ünvanladığı bildirilirdi

Məlumata görə, İsmayılov mənzillərin jurnalistlərə verilməsində imtina edərək şəhid ailələri və əlillərə verilməsini istəmişdi. 

Mənzillərin Heydər Əliyevin 100 illiyi ilə əlaqədar şəhid ailələrinə veriləcəyi qeyd olunurdu. 

Buna cavab olaraq, bir qrup jurnalist ölkə başçısına müraciət edərək mənzillərin media təmsilçilərinə verilməsini xahiş etmişdi.