Jurnalistlər Saleh Rüstəmovla bağlı müraciət yaydılar

Jurnalistlər Saleh Rüstəmovla bağlı müraciət yaydılar

23-11-2021 15:44 / Bu xəbər 234 dəfə oxundu

"Bu aksiya günahsız cəzaya qarşı dirənişdir”

Noyabrın 23-də bir qrup jurnalist 18 gündür ki, həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı müraciət yayıb.

Onlar dövlət rəsmilərinə, ölkə başçısına müraciət edərək Saleh Rüstəmovun azad edilməsini tələb etdiklərini bildirib, cəmiyyəti bu məsələdə həmrəy olmağa çağırıblar.

Müraciəti jurnalistlər – Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Xaliq Bahadır, Elnur Astanbəyli, Aynur Elgünəş, Rövşən Hacıbəyli, Fizzə Heydərova, Sevinc Vaqifqızı, Natiq Cavadlı, Samir Kazımlı, Həbib Müntəzir, Əfqan Muxtarlı, Şəmşad Ağa, Ülkər Abdullayeva, Qənimət Zahid, Ramin Deko, Elşən Balaxanski, Rahim Hacıyev, Alı Rza, Vidadi Məmmədov, Təzəxan Mirələmli, Pərviz Cəbrayıl, Xəyal Babayev, Çingiz Sultansoy və Elçin Rüstəmli imzalayıb.

Jurnalistlər Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun ölüm aclığına başladığını xatırladaraq bildiriblər ki, aclıq aksiyası, ölüm aclığı qərarı sıradan bir etiraz aksiyası deyil:

"Bu, bir iradə məsələsidir. Öz əməlində zərrə qədər də olsa, günah elementinin varlığını hiss edən şəxs belə qəti qərar verə bilməz. Yəni hamının bildiyi həqiqəti Saleh Rüstəmov hamıdan daha artıq bilir ki, o, günahsız olduğu halda cəzalandırılıb. Saleh bəy inadla davam edir: ya haqq etdiyi azadlığı əldə edəcəyinə, ya da cansız cəsədinin cəza evindən çıxarılacağına israrlıdır”.

Müraciətdə Saleh Rüstəmova verilən cəzanın siyasi mülahizələrlə seçildiyi vurğulanıb:

"Saleh bəy qanun pozuntusu sayıla biləcək heç bir əmələ yol verməyib. Adətən, bu cür hallarda belə bir ifadəyə üstünlük verirlər:

"Hətta günahı olubsa da, artıq 4 ilə yaxındır həbsxanadadır və onu azad etmək mümkündür”. Buna görə də, biz də bu ifadəni seçərək dövlət qurumlarına, dövlət başçısına və bu qərarı vermək səlahiyyəti olanlara müraciət edirik. Saleh Rüstəmovun həbsxanada başlatdığı bu aksiya günahsız cəzaya qarşı dirənişdir, bu aksiya davam edərsə, onun labüd ölümü Azərbaycanda çox arzuolunmaz presedent yaradacaq. Elə Azərbaycan üçün də çox arzuolunmaz presedentlər yaradacaq”.

Müraciət müəllifləri qeyd ediblər ki, Saleh Rüstəmov ziyalı və yetkin bir şəxsdir, nə etdiyini, hansı qərarı verdiyini çox yaxşı dəyərləndirə bilən insandır:

"Biz onun həyatı üçün nə qədər narahatıqsa, onun həyatının bitməsi ilə yarana biləcək həmin o arzuolunmaz presedentlərdən də o qədər narahatıq.
Buna görə də, həm dövlət rəsmilərinə, həm də bütün cəmiyyətə müraciət edirik: – Saleh Rüstəmovun bir an öncə azad edilməsi üçün əlinizdən gələni əsirgəməyin!”.

Noyabrın 19-da hüquq müdafiəçiləri, QHT nümayəndələri, ardınca hüquqşünaslar, ictimai xadimlər Saleh Rüstəmovun azad olunması üçün dövlət başçısına müraciət ediblər. Amma hələ reaksiya yoxdur.

18 gündür aclıq aksiyası keçirən S.Rüstəmovun oğlu və vəkili onun durumunun ağır olduğunu bildirib.

Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.

2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gələn Rüstəmov Şəmkirdə saxlanılıb.
Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmov də eyni ittihamla saxlanılıb.

Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Amma Saleh Rüstəmov ittihamı rədd edib.

O bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub.

Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmova isə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.