Jurnalistlərin binasına görə daha bir nəfər cinayət məsuliyyətinə cəlb olundu

Jurnalistlərin binasına görə daha bir nəfər cinayət məsuliyyətinə cəlb olundu

13-06-2021 09:36 / Bu xəbər 818 dəfə oxundu

Binanın komendantı KİVDF ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli və digərlərinin işi üzrə daha bir nəfər məsuliyyətə cəlb olunub. 

Bu da paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən, jurnalistlər binasının komendantı Binyamin İsmayılovdur.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı xəbərə görə, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunub. 

Onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Bu cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılır. Fondun həbsdə olan keçmiş rəhbəri Vüqar Səfərliyə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələri ilə ittihamlar irəli sürülüb. Cinayət işində başqa pozuntu hallarıyla yanaşı, həm də jurnalistlər üçün binaların tikintisində yeyintilərdən bəhs olunur. Ona görə, Vüqar Səfərli ilə yanaşı, binanı inşa etmiş "Portos” MMC-nin direktoru Nadir Məmmədov da həbs olunub.

Vüqar Səfərlinin əmlaklarının, bank hesabının üzərinə məhkəmə qərarı əsasında həbs qoyulub.

Vüqar Səfərli 2013-2019-cu illər ərzində jurnalistlər üçün yaşayış binalarının tikintisi məqsədilə rəhbərlik etdiyi Fonda ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərməkdə, bu qurum üçün daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş "Futbol+qol” qəzetinə 2015-2019-cu illər ərzində 300 min manat vəsait ayırmaqda və başqa əməllərdə ittiham olunur.

O, 2009-cu ildə Fondun icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib.

Vüqar Səfərli YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub, 2021-ci ildə - həbsindən sonra bu vəzifədən azad edilib.///Meydan TV