Jurnalistlərin parlamentə buraxılmadığı bildirilir
29-11-2024 15:33 / Bu xəbər 448 dəfə oxundu
Milli Məclis məlumatı təkzib etsə də, jurnalistlər əksini deyir
Jurnalistlərin Milli Məclisin noyabrın 29-da keçirilən növbəti plenar iclasına buraxılmadıqları bildirilir.
Bu barədə jurnalist Aytən Məmmədova istifadəçisi olduğu sosial şəbəkədə yazıb.
"Yəqin, spiker Sahibə (Qafarova-red.) xanım keçən iclasda olanlara görə deputatları danlayır ki, bura problem danışmaq yeri deyil, inkişafdan danışmaq lazımdır. Məclis xalqın məclisi olmayanda belə olur”, – jurnalist qeyd edib.
Jurnalist Murtuza Bünyadlı da Milli Məclisə buraxılmadığı haqda sosial şəbəkədə yazıb.
"Belə parlament olar? Jurnalisti qapı ağzında saxlamaq nə deməkdir? Sadəcə, deməyə söz yoxdur”, – Murtuza Bünyadlı bildirib.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Mehman Qayıbov Meydan TV-yə deyilənləri təkzib edib.
"Jurnalistlər bu gün hamısı parlamentdədir, Milli Məclisi gedir. İclası işıqlandırıblar. İndi də komitənin iclası olacaq, onu işıqlandıracaqlar”, – mətbuat xidmətindən bildirilib.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı Meydan TV-yə məsələdən xəbərsiz olduğunu deyib: "Qayda var, akreditə olan jurnalistlər plenar iclaslarda, komitə iclaslarında iştirak edə bilirlər”.