Jurnalistlərin psixoloji vəziyyəti

Jurnalistlərin psixoloji vəziyyəti

29-10-2022 22:08 / Bu xəbər 1480 dəfə oxundu

Orxan Adıgözəl

Jurnalistikaya "dördüncü hakimiyyət” də deyilir. Bu vəzifə, nəinki bir ölkənin inkişafı, həmçinin dünyanın da salamat olmasına xidmət edə biləcək vacib statuslardan biridir. 

Jurnalistin vəzifəsi məlumatı öyrənib, onu müxtəlif vasitələrlə obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmaqdır.

Bəzən, hətta tez-tez, jurnalistlərin, xəbərləri olduğu kimi bölüşmələrinə, həqiqəti üzə çıxarmalarına mane olurlar. Bunun qarşısı müxtəlif cür alına bilər. Məsələn, jurnalist təqib, təzyiqlə üzləşə və ya rüşvət, maddi nəsnələrlə şirnikləndirilə bilər. Təki xəbər ictimaiyyətə çatmasın. Hətta jurnalistlərin qaçırılıb, hədələnməsi, döyülməsi və öldürülməsi halları da mövcuddur. Bu kimi hallar, qorxu, təşviş, paranoya yarada bilər. Nəticədə digər jurnalistlər oxşar vəziyyətə düşməmək üçün özlərinə senzura qoya, vacib xəbərləri çatdırmaqdan çəkinə, peşə müstəqilliyindən vaz keçə bilərlər. 

Əgər başqasının başına gələn xoşagəlməz hadisə, digərlərində qorxu və narahatlıq yaradıb, özünü məhdudlaşdırmağa gətirib çıxarırsa, gör bunu yaşayanın psixoloji durumu necə sarsılmış ola bilər. 

2014-cü ildə çəkilən İndoneziya və Yaponiya birgə istehsalı olan "Killers”("Qatillər”) filmində jurnalist sensasion reportaj hazırlayır. Əks qütbün əlində çoxlu resurs olduğu üçün o, döyülür, təzyiqlərə məruz qalır. Nəyisə sübut da edə bilmir. Psixoloji vəziyyəti pisləşən jurnalist dağıdıcı qüvvəyə çevrilir, özü və başqaları üçün təhlükəyə dönüşür. 

Dünya Mətbuat Azadlığı günü "Sərhədsiz reportyorlar”(RSF) beynəlxalq qeyri-hökumət təşkilatı 2022-ci ildə ölkələrdə Mətbuat Azadlığı İndeksini açıqlayıb. 180 ölkənin yer aldığı siyahıda Azərbaycan 154-cü yerdə qərarlaşıb. 

"Sülh və Demokratiya İnstitutu”nun ölkədəki siyasi məhbusların 2022-ci il üçün olan tərtib olunmuş siyahısında ümumilikdə dörd jurnalist və bloger var.

Statistika da göstərir ki, ölkədə mətbuatın və onun əsas tərkib hissəsi olan media nümayəndələrinin halı, güzəranı heç də ürəkaçan deyil.

Bəs yaxşı, birbaşa və ya dolayı yolla təqib və təzyiqlə üzləşən jurnalist və bloggerlər hər hansısa peşəkar psixoloji dəstək alır və ya reabilitasiya keçirlər?! Bu barədə hər hansı mənbə, data əldə etmək müşkül məsələdir. Həm şəxsi konsultasiyalar alan media nümayəndələri varsa da, bu hal, konfidensial olaraq qalır. 

Əvvəllər jurnalistlərin psixoloji təlimlər alması faktı olsa da, bu hadisə keçmişə dayandığı üçün ciddi məlumat əldə edə bilmirik. Bir də ki müharibə dönəmində qaynar bölgələrdə xidmət göstərən jurnalistlər üçün ekstrimal şəraitlə bağlı keçirilən təlimlərdə belə psixoloq izinə rast gəlinmir. Halbuki dünyada jurnalistika psixologiyası tendensiyası var ki, bu, institusional, funksional kanallardan biri sayılır. 

O, media və ictimaiyyət əlaqələrini, onların arasındakı psixoloji, sosioloji əlaqələri, psixoloji gigiyenanı araşdırıb, təkmilləşdirir. Media nümayəndələri şəxsi və qrup terapiyalar alır, psixoloji sağlamlıqlarının qeydinə qalırlar. Bu, onların daha həvəslə, keyfiyyətli işləmələrinə vasitəçi olur. 

Təsəvvür etmək çətin deyil ki, əlində mətbuat resursu olan, minlərlə izləyiciyə malik jurnalist və ya blogerin psixoloji vəziyyəti gərgin, nahamar olarsa, onların yalan məlumat yaymaq, cəmiyyəti çaşdırmaq, ictimai rəyi mənfi tərəfə yönəltmə riski qat-qat çox olur. Ona görə də psixoloji təlimlər, konsultasiyalar, qrup terapiyalar almaq lazım və labüddür.

Bu məsələ təkcə media nümayəndələrinin yox, cəmiyyətin də gələcəyinə xidmət edən məqamlardandır.