"Kafir" silahı ilə döyüşən müsəlmanlar...

07-05-2016 01:10 / Bu xəbər 3070 dəfə oxundu

Kamran İsmayılzadə

Feysbukda yenilikləri izləyərkən qarşıma belə bir elan çıxdı: "Bu körpəyə yardım edin".

Uşağın anası doğum zamanı həyatını itirib və ailənin maddi durumu olduqca aşağıdır. Elan uşağın gündəlik tələbat məhsullarını satın almaq üçün ianə toplamaq məqsədi ilə paylaşılmışdı.

Feysbukda çevrəm genişdir, xeyli sayda dostum və izləyicim var və mən düşündüm ki, bu elanı paylaşaraq çevrəmdəki yardımsevər insanların (mən düşünürdüm ki, belələri az deyil) həmin körpəyə yardım etmək üçün yönləndirə bilərəm. Özüm yardım edə bilməsəm də (maddi durumum elə də ürəkaçan deyil), başqalarının yardım etməsinə vəsilə ola bilərəm. Mənim də əlimdən gələn budur. 

Beləliklə, elanı mən də paylaşdım. Daha sonra səhifələrdən biri mənə istinad edərək həmin elanı paylaşdı. Həmin səhifənin paylaşımına yazılan rəyləri oxuyarkən dəhşətə gəldim. İnsanlar bu qədərmi vəhşiləşib?! İnsanlıq bu qədərmi korlanıb?! Bu nə məntiqdir, bu nə düşüncə tərzidir?! Deməli, biri rəy yazıb ki, həmin adamın (yəni mənim) hesabını (feysbuk hesabı nəzərdə tutulur) incələdim və yardım etmək fikrindən daşındım, allahsız adamdır. Allahsız olmaq, Allahı inkar etmək yardıma vəsilə olmağa maneədirmi?! Ateist olan, allahsız, dinsiz-imansız olan mənəm. Bəs ailə?! Ehtiyaclı ailənin dindar ailə olmadığına necə əmin olmaq olar?! 

Əl-qərəz, həmin rəyə cavab olaraq qeyd elədim ki, mənim inancımın məsələyə heç bir aidiyyatı yoxdur. Əgər yardım etmək fikriniz varsa, ailə ilə əlaqə saxlamaq üçün telefon nömrələrini verə bilərəm. Sonra bəy qeyd elədi ki, bəs mən elə bilmişdim, körpənin valideyini sizsiniz və buna görə belə dedim. Mən Allahsız birinə yardım əli uzatmaram. Halbuki mən ailənin inancından xəbərsiz idim. Elanı paylaşarkən də, sadəcə vicdanımın səsinə qulaq asaraq belə etmişdim. Yardımın dini, irqi, millətimi olur məgər?! 

Bəlkə də, həmin ehtiyaclı ailə qatı müsəlman ailəsidir. Lakin müsəlmanların bu təcridçi yanaşması bunu araşdırmalarına mane olur. Bu kimi hallarla tez-tez qarşılaşır, müsəlmanların zaman-zaman qeyri-müsəlmanları öz cəmiyyətlərindən kənarlaşdırdığının şahidi oluruq. Bu açıq-aşkar diskriminasiyadır və öz-özlüyündə ikili standartdır. "Kafir"lər müsəlmanlara yardım etməyə "borcludur", müsəlmanlar isə "kafir"lərə yardım etməməlidir. Sanki kafirlərin müsəlmanlar qarşısında öhdəliyi var. "Kafir"lərin icad elədiyi texnika və texnologiyadan istifadə edirlər, lakin kafirlərin qidalarını yemirlər. Son bir neçə ilin aktual məsələlərindən olan "miqrant problemi"nə nəzər yetirək. 

Almaniya  kimi inkişaf etmiş bir ölkə, müsəlmanların öz arasındakı çəkişmələrin qurbanına çevrilmiş və öz ölkəsindən didərgin düşmüş hissəsini ölkəyə qəbul edir, onların yerləşdirilməsi və ehtiyaclarının ödənməsi üçün öz əhalisinin "boğazından kəsir", öz büdcəsindən vəsait ayırır, müsəlmanlar isə sanki almanlar onların dədələrinə borclu imiş kimi davranaraq öz "hüquq"larının (şəriətlə əlaqədar) tələblər irəli sürürlər. Bəlkə də, əksəriyyətiniz bilmir ki, sırf "miqrant problemi" Almaniya Mərkəzi Bankının büdcəsində nə qədər azalmaya gətirib çıxarıb. 2-3 il əvvəl dünya bankları arasında rezerv ehtiyatlarına görə birinci olan Döyçe Bank artıq ilk onluqda belə yoxdur. Bəli, bu bankın maliyyə itkiləri təkcə "miqrant problemi"nə görə baş verməyib, lakin bu problem də az itkiyə səbəb olmayıb. 

Soruşmaq lazımdır ki, Almaniyanın və alman xalqının müsəlmanlara borcu var?! Bəli, Fransa, İngiltərə və digər Avropa ölkələri vaxtilə müsəlmanların yaşadığı torpaqları öz müstəmləkəsinə çevirmiş və maddi-mənəvi sərvətlərini talamışdı. Lakin bu müstəmləkəçilər arasında Almaniya yox idi. Bu "kafir"lər müsəlmanlara yardım edə bilir, müsəlmanlar isə "kafir"lərə yardım edə bilmir?! Məgər müsəlmanların müqəddəs kitabı "acizlərə yardım edin" demirmi?! Müsəlmanlar öz kitablarından bu qədərmi xəbərsizdir?! Yaxşı, "kafir"ləri bir kənara qoyaq. Müsəlmanlar öz suriyalı müsəlman qardaşlarına niyə yardım əli uzatmır?! 

Niyə Suriyadan didərgin düşən insanlar hansısa müsəlman ölkəsinə deyil, "kafir" torpaqlarına pənah aparır?! Müsəlmanlar öz müsəlman qardaşlarına yardım etsin heç olmasa. Niyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi zəngin müsəlman ölkələrində qəbuluna və yerləşdirilməsi işinə laqeyd yanaşılır?! Danışarkən "kafir"ləri söymək, təhqir eləmək asandır.
 
"Kafir"lərin düzəltdiyi telefonla, "kafir"lərin kəşf elədiyi eletrik enerjisindən istifadə edərək, "kafir"lərin quraşdırdığı internet üzərindən, "kafir"lərin yaratdığı sosial şəbəkələrdə "kafir"ləri söymək, "kafir"ləri cəhalətdə ittiham eləmək necə də asandır! Öz kitabından xəbərsiz olan müsəlmanların, boş-boş danışmaqdan başqa əlindən bir iş gəlməyən müsəlmanların, heç bir elmi-texniki kəşfə imza atmayan müsəlmanların "kafir"ləri cahil adlandırması, onlara qarşı ayrı-seçkilik eləməsi, onlara yuxarıdan aşağı baxması necə də gülüncdür! Əgər müsəlmanlar "kafir"lərə yuxarıdan aşağı baxırsa, niyə onların ("kafir"lərin) icadlarından istifadə edirlər?! 

Niyə "kafir"lərin istehsal elədiyi və "kafir" sürnün sürdüyü avtomobilin dən enən şeyx, "kafir" xalçası üzərində yeriyib "kafir"lərin tikdiyi binaya daxil olur, "kafir"lərin ixtira elədiyi və quraşdırdığı liftlə yuxarı qalxır, "kafir"lərin istehsal elədiyi qapıdan daxil olub, yenə də "kafir"lərin istehsal elədiyi kresloda əyləşib, "kafir"lərin istehsal eləmiş olduğu büllur qəhfədandan büllur stəkana su töküb, həmin sudan bir qurtum içdikdən sonra: "Əzizlərim, qalstuk taxmaq olmaz. Qalstuk "kafir" geyimidir", - deyir?! 

Müsəlmanların geyimlərini belə "kafir"lər istehsal edirsə, bu "kafir"lər necə cahillikdə ittiham edilirlər?! Bunlar necə cahildir belə?! Hətta müsəlmanlar cihad edərkən belə "kafir"lərin ixtirasından - silahlarından istifadə edirlər. "Kafir"lərin silahı ilə "kafir"lərə qarşı müharibə aparırlar, ha. Təsəvvür edirsiniz?! Necə də gülməli səslənir?! 

Sonda isə onu bildirim ki, inanıram ki, adını müsəlman qoyanlar bəzi insanlar nə zamansa insan olmağı öyrənəcəklər. 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.