Kamal Abdulla iddiasına düzəliş edib

Kamal Abdulla iddiasına düzəliş edib

09-08-2019 18:36 / Bu xəbər 956 dəfə oxundu

Rektor təzminat istəmir

"Xural.com" saytının rəhbəri Əvəz Zeynallıdan 10 min, indiki və keçmiş üç işçisinin birindən 5 min, digər ikisinin hərəsindən isə 3 min manat pul tələb edən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla fikrini dəyişib. 

O, Ə.Zeynallı, universitetdə Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsindən çıxarılıb, yarımştat müəllimə kimi saxlanılan Vüsalə Ağabəyli, bir neçə ay əvvəl universitetdən uzaqlaşdırdığı Pərvin Mürsəlova və Elmira Baxşəliyevaya qarşı məhkəmə iddiasına düzəliş edib. Bu barədə onun vəkili Muxtar Mustafayev avqustun 8-də məhkəmədə məlumat verib.

Hakim Emin Əliyevin sədrliyilə keçirilən məhkəməyə ərizə təqdim edən vəkil K.Abdullanın təzminatla bağlı hissədə iddiadan imtina etdiyini, təkzib və üzr istənilməsi tələbində isə israrlı olduğunu bildirib.

Ə.Zeynallı isə rektorun iddiasına Binəqədi Rayon Məhkəməsində baxılmasına etiraz edib. Həm Ə.Zeynallı, həm də digər üç cavabdeh - V.Ağabəyli, E.Baxşəliyeva və P.Mürsəlovanın adından bununla bağlı yazılı etiraz məhkəməyə təqdim olunub.

Hakim etirazı təmin etməyib.

Ə.Zeynallı bildirib ki, bu qərardaddan apelyasiya şikayəti veriləcək.

K.Abdullanın vəkili Muxtar Mustafayev məhkəmədən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib ki, onların məqsədi jurnalistlərin cəzalandırılması, mətbuatı çökdürmək deyil: "Mən heç vaxt mediaya, jurnalistlərə qarşı xüsusi ittiham qaydasında iddia imzalamamışam. Çıxdığım işlər də barışıqla başa çatıb".

Vəkil deyir ki, məhkəmə iddiası K.Abdulla yox, universitet tərəfindən irəli sürülüb.

İddia ərizəsini K.Abdulla özü imzalayıb. Vəkil bildirib ki, məsələ öncə universitetdə Elmi Şurada müzakirə olunub, razılıqdan sonra K.Abdulla imzalayıb.

K.Abdulla iddia edir ki, keçmiş və indiki işçilərinin onun haqqında söylədikləri və "xural.com"da yayımlanan fikirlər böhtandır.

İşçilər onu universitetdə diktatura mühiti yaratmaqda, özünə yaxın adamları himayə edib, onun qanunsuz əməllərinə etiraz edənləri cəzalandırmaqda, təhsil müəssisəsində insanlarla söyüşlə danışmaqda ittiham edir.

meydan.tv