Kamil Zeynallı məhkəmə qarşısına çıxarılacaq

Kamil Zeynallı məhkəmə qarşısına çıxarılacaq

21-02-2024 14:10 / Bu xəbər 521 dəfə oxundu

Onun sabah məhkəmə qarşısına çıxarılacağı deyilir

Fitnes-trener Kamil Zeynallının Ermənistanın tələbi ilə Moskvanın "Domodedovo” hava limanında həbs edildiyi bildirilir.

Kamil Zeynallı "İnstagram” səhifəsində video paylaşaraq bu haqda məlumat verib.

"Fevralın 21-də gecə saat 1 radələrində Rusiyadan Azərbaycana qayıdarkən aeroportda saxlanıldım. Mənə deyirlər ki, ya səni Ermənistana təhvil verəcəyik. Ya da onlar gəlib, səni bizdən götürəcəklər. Sabah məni məhkəməyə çıxaracaqlar”, – Kamil Zeynallı bildirib.

Trenerin sözlərinə görə, Rusiya polis bölməsinin əməkdaşları onun Ermənistan tərəfindən 2023-cü ilin mayından axtarışa verildiyini, bu səbəbdən saxlanıldığını deyiblər: "Mən may ayından bəri üç dəfə Rusiyaya uçmuşam və indiyə qədər saxlanılmamışam. Ümid edirəm ki, aidiyyəti qurumlarımız mənə dəstək olarlar. Məni onlara təhvil verməyə qoymazlar”.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib ki, Kamil Zeynallı Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb.

Səfirin sözlərinə görə, Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir: "Moskva vaxtı ilə təqribən gecə saat 3-də onunla şəxsən telefonla danışdım və Səfirliyin artıq onun məsələsi ilə məşğul olduğu barədə məlumatlandırdım. Kamil Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal Yerevana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Kamil Zeynallının Moskvanın "Domodedovo” hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Nazirlik vurğulayıb ki, Kamil Zeynallıya müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Azərbaycan mediası yazır ki, Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.

Kamil Zeynallının məhkəməsinin isə sabah keçiriləcəyi bildirilir.

Ermənistan mətbuatı isə yazır ki, 2020-ci ildə "Artsax”da (Qarabağ) erməninin başını kəsən, şəklini çəkib sosial şəbəkələrdə yerləşdirən azərbaycanlı bloger "Domodedovo” hava limanında saxlanılıb.

Ermənistan Baş Prokurorluğu Kamil Zeynallının onların tələbi ilə saxlanılmasını təsdiqləməyib.

"Prokurorluğun belə bir rəsmi məlumatı yoxdur”, – Ermənistan Baş Prokurorluğundan bildirilib.